Demosfen öz dilinin çatışmazlığını islah etməyi qərarlaşdırır. Heç kimin ona mane olmaması üçün tənha bir yerə çəkilir. Gündə bir neçə saat dalbadal tələffüzünün anlaşılmazlığını düzəltmək üçün tapşırıqlar icra edir: ağzına daşlar yığır və ucadan, aydın danışmağa çalışır. O, dağa qalxarkən və ya dəniz sahilində gəzərkən şeirləri ucadan tələffüz etməyi və ifadəliliyi öyrənir. Uzun və israrlı səylərdən sonra Demosfen öz məqsədinə nail olur və görkəmli natiqə çevrilir. Nəhayət, hətta rəqibləri belə onun natiqlik məharətinin gücünü və ustalığını etiraf etməyə məcbur olurlar.
Xalq qarşısında çıxış etməyi arzulayan Demosfen öz müəllimindən onu məşhur natiqlərin çıxışına qulaq asmaq üçün məhkəmə iclaslarına aparmağı xahiş edir. Xalqın natiqləri necə alqışladığını görən gənc qəlbləri fəth edən natiqlik sənətinin gücünə heyran olur və natiq olmaq qərarına gəlir.
Qədim Afinanın dövlət xadimi və görkəmli natiqi Demosfenin yeddi yaşı olanda atası ölür, gələcək natiqə və bacısına böyük mal-mülk mirası qoyur. Oğlanın tərbiyəsi anasına və qəyyumlara tapşırılır. Qəyyumlar pulun və mülkün böyük hissəsini mənimsəyir, uşaqların təhsilinə və tərbiyəsinə qayğı göstərmirlər. Qəyyumlardan mirası geri almaq üçün gənc məhkəməyə müraciət etmək qərarına gəlir. Məhkəmədə qalib gəlmək üçün Afina qanunları ilə ətraflı tanış olmaq, hər şeydən əvvəl, yaxşı və inandırıcı danışmağı bacarmaq, natiq olmaq lazım idi.
Bir dəfə Demosfen məhkəmə üçün çıxış nitqi yazmalı olur. Xalq qarşısında gənc natiqin çıxışı uğursuz qurtarır: səs-küy, gülüş ona nitqini bitirməyə imkan vermir. Bu uğursuzluq tamamilə təbii idi.
Aktyor öz uğursuzluğu barədə şikayətlənən Demosfenə Sofokl və ya Evripidadan şeir deməsini xahiş edir. Demosfenin oxusundan sonra aktyor şeiri özü deyir. Bu zaman Demosfenə elə gəlir ki, sanki başqa şeir dinləyir. O, indi başa düşür ki, nitq gözəlliyinə dilin ifadəliliyi ilə nail olmaq olar.
Afinada natiqlik sənətinin ən görkəmli nümayəndələri o zamanlar İsokrat və İsey idi. Demosfen İseyə müraciət edir, dörd il səylə onun yanında oxuyur. Təhsilini başa vurandan sonra Demosfen qəyyumları mühakimə etməyə başlayır. Mülkün tam qaytarılmasına müyəssər olmasa da, qəyyumlarla çoxillik və ağır mübarizə zəminində gələcək natiqdə çalışqanlıq və inadkarlıq xüsusiyyətləri tərbiyə olunur.
Ə.Qasımov. “Nitq mədəniyyətinin tarixi.
Siseron, Sokrat, Demosfen” məqaləsindən