Hazırda Finlandiyada dərsliklərdən istifadədə yeni yanaşmaların tətbiq olunması barədə müzakirələr gedir. Özlərini evlərindəki kimi hiss edən şagirdlər iməcilik, bağça təmizliyi və kitabxana işləri, yeməklərin paylanması kimi bəzi öhdəlikləri özləri yerinə yetirirlər. Beləliklə, uşaqlarda məktəbə bağlılıq artmış olur.
Finlandiyanın əldə etdiyi müvəffəqiyyətin arxasında duran digər əhəmiyyətli amil də təhsil sistemindəki “Sisu” anlayışıdır. Bu ölkənin mədəni xüsusiyyəti “ əzm, cəsarət və əsla imtina etməmək” mənalarına gələn "Sisu” sözündə ifadə edilmişdir. Məktəblərdə şagirdlərə uğur qazanmağın çalışqanlığa və əzmə bağlı olduğu düşüncəsi aşılanır.
Fin təhsil sisteminin fərqli cəhətlərindən biri də odur ki, təhsilin ilk 6 ili ərzində məktəblərdə uşaqların biliklərinin qiymətləndirilməsi, ümumiyyətlə, həyata keçirilmir. Yalnız bir mütləq test vardır ki, bütün uşaqlar 16 yaşına çatanda bu imtahandan keçirlər. Dəyərləndirmək üçün ilin sonunda imtahan verilmir. Şagirdlər müəllimlərin hazırladıqları suallarla dəyərləndirilir. Burada uşaqları test imtahanına hazırlamaqdan daha çox tamamilə öyrətmə prinsipi hakimdir. İmtahan zamanı isə uşaqlar istənilən mənbədən istifadə edə bilərlər. Məqsəd çətinliyin öhdəsindən gəlmək üçün doğru mənbədən istifadə etməyi öyrətməkdir. Müəllimlər uşaqları doğru təhlil edərək onların fərdi qabiliyyətlərini görür və bu fərdilikləri daha da inkişaf etdirən təhsil verirlər. Yaradıcılıq qabiliyyətlərini və bacarıqlarını nümayiş etdirmək üçün dəstəklənən şagirdlər öyrənir,
araşdırır, düşünür, yazır və təqdim edirlər. Belə ki nəzəriyyəyə və əzbərçiliyə söykənən bir təhsil yerinə, tamamilə düşünməyə istiqamətlənən təhsil verilir.