(ixtisarla)
Finlandiya məktəblilərindən “Uğurlarınızın sirri nədədir?” - deyə soruşduqda ilk olaraq “müəllimlərimiz” cavabını verirlər. Həqiqətən də, burada müəllimlik peşəsi həkimlik və hüquqşünaslıq peşəsi qədər çox nüfuzlu, müqəddəs və etibarlıdır. Müəllimlər səmimi, ünsiyyətcil, insan haqlarına ehtiramla yanaşan şəxsiyyətlərdir. Şagirdləri ilə yetkin insan kimi davranan müəllimlər onlara çox güvəndiklərini hiss etdirirlər. Dərslərdən sonra ayrılan 2 saat əlavə vaxt ərzində şagirdlərin gündəlik nəticələri ilə maraqlanır, evlərini ziyarət edib onlarla müxtəlif mövzuda söhbətlər keçirirlər. Buna görə də fin uşaqları müəllimlərini ata-anaları kimi çox sevirlər.
Finlandiyada təhsilə, xüsusilə də oxumağa böyük önəm verilir. Uşaqların təhsil alması ölkənin, cəmiyyətin və ailənin ən prioritet məsələlərindəndir. Bu səbəbdəndir ki, uşaqların tədris prosesinə hazırlanması hələ məktəbəqədər dövrdən nizamlı şəkildə aparılır. Oxucular ölkəsi olan Finlandiyada 85% ailə gündəlik qəzetlərə abunədir və orta hesabla il ərzində adambaşına oxunan kitabların sayı 57-dir. Dünyaya gələn hər uşağa dövlət tərəfindən verilən hədiyyə paketinin içində mütləq bir kitab olur.
Finlandiyada bütün uşaqlara bərabər təhsil verilir. Finlər üçün “bacarıqsız, pis şagird” anlayışı yoxdur. “Hər bir uşaq dəyərlidir” prinsipinə əsaslanaraq onlara fərdi yanaşılır. Müəllimlər şagirdləri üçün maraqlı dərs nümunələri hazırlamaqda peşəkardırlar.