Fikrini ki tab oxumağa versə də, yanında oturan adamın aralarındakı qutudan bir-bir peçenye götürüb yediyini nəzərindən qaçırmadı. Ancaq özünü görməzliyə vurdu. Bir yandan kitabını oxuyur, bir yandan da uçuş vaxtını göstərən tabloya baxırdı. “Peçenye oğrusu” isə bu vaxt ərzində peçenyeləri yeməkdən başqa heç nə etmirdi. Qadının gözü saatda idi, amma bu onun hirslənməyinə mane ola bilmirdi. Öz-özünə düşünürdü: “Nəzakətli bir insan olmasaydım, yumruğumla bu adamın gözünün altını göyərdərdim”. Qadın peçenyedən hər dəfə götürdükcə həmin adam da əlini uzadırdı. Axırda qutuda bircə peçenye qalanda “Görək indi nə edəcək?”, – deyə qadın düşündü. Kişi sonuncu peçenyeni götürdü və onu ortadan böldü. Yarısını ağzına atdı, digər yarısını da qadına verdi. Qadın peçenyeni hirslə onun əlindən aldı. “Allahım, necə də kobud insandır... Peçenyemi oğurladığı bəs deyil, heç təşəkkür də etmədi”, – deyə kişi ürəyində fikirləşdi. Qadın isə həyatında bu qədər hirsləndiyini xatırlamırdı. Təyyarəyə minik başlanması haqqında elanı eşidəndə dərindən köks ötürdü. Əşyalarını götürdü və çıxış qapısına yönəldi. “Peçenye oğrusu”na heç dönüb baxmadı da. Təyyarəyə mindi və rahat kresloya oturdu. Əlini
çantasına uzatdı ki, kitabını çıxarsın. Gözləri təəccüblə açıldı. Bir qutu peçenye çantanın içində idi! Çarəsizlik içində inildədi: “Bunlar mənim peçenyemdirsə, demək, digərləri də onun idi və o öz peçenyesini mənimlə bölüşürmüş”. Üzr istəmək üçün çox gec olduğunu təəssüf hissi ilə anladı. Kobudluq etdiyi üçün utandı. “Peçenye oğrusu”, əslində, onun özü imiş! “Həyat başqalarını günahlandırmazdan əvvəl, dönüb özümüzü də nəzərdən keçirməyimizi lazım bilən yerdir”, – deyə düşündü.
Valeri Koks
7. Mətn əsasında aşağıdakı sxemi tamamlamaqla şərh edin.