Vasitəsiz nitq iki hissədən ibarət olur: 1) müəllif sözü; 2) vasitəsiz nitq.
Cümlədəki yerindən asılı olaraq müəllif sözü M, m, vasitəsiz nitq V, v hərfləri ilə göstərilir.
Müəllif sözü əvvəldə gəldikdə ondan sonra qoşa nöqtə qoyulur. Vasitəsiz nitq dırnaq içərisində yazılır. Nöqtə dırnaq işarəsindən sonra qoyulur.
Vasitəsiz nitq müəllif sözündən əvvəl də işlənə bilər. Bu zaman vasitəsiz nitq dırnaq içərisində yazılır, sonra vergül və tire işarəsi qoyulur.
“Bütün insani dəyərlərin təməli əxlaqdır”, – deyə A.Eynşteyn cavab verdi.
“V”, – m.
Vasitəsiz nitq sual və nida cümləsi olarsa, sual və nida işarələri dırnaq işarəsindən əvvəl qoyulur.
Məsələn:
“Bəs sən necə hesab edirsən?” – deyə müəllim şagirdə müraciət etdi.
“V?” – m.
“Şəhəriniz necə də gözəldir!” – deyə Birinci Avropa Oyunlarında iştirak edən turistlər heyranlığını gizlədə bilmirdilər.
“V!” – m.