Bəlkə, sükunət, tarazlıq və əbədilik təəssüratı yaratdığına görə üstünlük verilib piramidaya?
Bəlkə, piramida yer cazibəsi şəraitində kütləsi ilə ağırlığı düzgün və rasional paylanan ən kamil həndəsi fiqurdur, ona görə?!
Tarixən daş konstruksiyalı imarətlərin rəmzi piramida olmuşdur.
İlk “çevrilmiş piramida” layihəsini 1954-cü ildə Oskar Nimeyer verdi. Karakas şəhərində (Venesuela) Müasir İncəsənət Muzeyi zirvəsi üstə yerə sancılmış nəhəng piramida idi. Təbiətən romantik memar olan O.Nimeyer iddia edirdi ki, betondan və şüşədən qurulmuş belə piramida sırf memarlıq əsəridir, həm də heykəltəraşlıq əsəri təəssüratı bağışlayır. Onun fikrincə, əgər piramidalar sonsuz səmaya doğru açılırsa, bu həm funksional, həm də estetik tələblərə cavab verir.
3. İkinci “üsyankar cəhd” kanadalı memarlara məxsusdur. Monreal şəhərində keçirilən ümumdünya sərgisində Kanadanın pavilyonu da çevrilmiş piramida şəklində qurulmuşdu.
Müasir memarlıqda piramida formasına üçüncü müraciət 1985-ci ildə Paris şəhərində oldu. Fransa Respublikasında “Böyük yenidənqurma” proqramına əsasən, Napoleon meydanında Luvr Muzeyinin yeni giriş – vestibülü üçün elan olunan Beynəlxalq müsabiqəyə 200-dən çox müxtəlif səpkili layihə təqdim edilmişdi. Münsiflər heyətinin bəyənib seçdiyi ən parlaq ruhlu layihə beləcə də adlanırdı: “Büllur piramida”.
Salvador Dalinin “Tarixi qabaqlamaq daha maraqlıdır, nəinki sonradan onu vəsf etmək” məşhur kəlamı “Büllur piramida”nın yaranması məqamında yerində deyilmiş ifadədir.
Bu gün piramidalar paytaxtımız üçün də reallığa çevrilmişdir. Metronun “İçərişəhər” və “Koroğlu” stansiyalarının əsas girişi də piramida şəklindədir.
Ömər Qoçulu
“Daşa dönmüş musiqi” kitabından
Mətndəki abzasların ardıcıllığını bərpa edin.
Mətndən əsas faktları seçin.
Memarlıqda piramida şəklində olan tikililərə münasibət bildirin. Əgər memar olsa idiniz, hansı üslubda olan layihələrə üstünlük verərdiniz?
Y.Bey haqqında məlumat toplayıb mətnin uyğun hissəsinə əlavə edin.
Ətraflı məlumat toplayıb “Piramida şəkilli tikililər” mövzusunda təqdimat hazırlayın. (Təqdimatınıza şəkillər əlavə edin.)