Onların əllərində olan oxlar, qılınclar, nizələr isə əsl silahlar idi. Ən maraqlısı isə bu idi ki, tapılmış heykəllər, onların silahları zamanın təsirinə məruz qalmamışdı.
Tədqiqatlar zamanı aşkar edildi ki, tapılmış hər bir heykəlin ölçüsü real adamdan götürülüb. Əlbəttə, inandırıcı deyildi ki, Çin heykəltəraşları bir yerə 6 min nəfər adam (insan) yığıb, onların hər birindən ölçü götürmüşlər. Görünür, heykəltəraşlar işlərini öz yaddaşları əsasında görüblər. Əsgərlərin üzlərinə diqqətlə baxdıqda hamısında eyni üz cizgilərinin olduğu görünürdü. Tədqiqatlar (axtarışlar) davam etdikcə məlum oldu ki, “ordu” e.ə. III əsrə aiddir. Onların əsas məqsədi imperator Tsin Şi Xuandinin məqbərəsini qorumaq olmuşdur. Bəs niyə imperator özü üçün bu boyda gil ordu hazırlamışdır? Eyni zamanda niyə o, gil ordunu yerə basdırmışdır? Bu suallara cavab tapmaq üçün Qədim Çin tarixinə nəzər salmaq lazımdır.
Tsin Şi Xuandi parçalanmış imperatorluqlarından birinin imperatoru oldu. Uzun müddət davam edən müharibələrdən sonra o bütün ölkəni öz hakimiyyəti altında birləşdirdi. E.ə. 221-ci ildə özünü Çinin birinci imperatoru elan etdi. Bütün ölkəni ələ keçirəndən sonra imperator islahatlara başladı. Onun ən böyük layihəsi Böyük Çin səddi idi. Ona qədər və ondan sonra da belə böyük tikinti olmamışdır.
Tsin Şi Xuandi öz ölümsüzlüyünə inanırdı. Təbii ki, imperator Tsin Şi Xuandi sonsuza qədər hökmranlıq edə bilməzdi. Hər bir insan kimi vaxtı çatdımı, o da vəfat edəcəkdi. Ona görə də ömrünün sonlarına doğru o özü üçün möhtəşəm məqbərə tikilməsinə əmr verir. İmperator vəfat edərkən onu tikdirdiyi məqbərədə dəfn edirlər. İmperatorun əmrinə əsasən, onunla birlikdə bütün arvadları, qulluqçu və nökərləri, məqbərəsini tikən bütün şəxslər də diri-diri basdırılır.
Qədim Çin adət-ənənəsinə görə, imperatorun ordusu da basdırılmalı (dəfn olunmalı) idi. Ancaq Tsin Şi Xuandinin yerinə hakimiyyətə gələn oğlu əmrə tabe olmur, böyük bir ordunu diri-diri basdırmağa razılıq vermir. Bunun əvəzinə o, simvolik bir ordunu qurban verməyi əmr edir (qərara alır). Əmrə görə, bütün ordu gildən heykəllər şəklində hazırlanmalı və onun atasının məqbərəsinin yaxınlığında basdırılmalı idi. Alimlərin tapdığı gil fiqurlar həmin “qurban verilmiş” ordu idi.