Kim bilir, neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazısı vardır.
Hər saxsı parçası, hər məzar daşı
Nəsildən nəsilə bir yadigardır.
Səməd Vurğun
(ixtisarla)
Azərbaycanı qarış-qarış gəzsən, hər bucağında tariximizin yadigarı olan qəhrəman qalalara, onların qalıqlarına rast gələ bilərsən: Ağcaqala, Bakı qalası, Girdiman qalası, Gülüstan qalası, Fit qalası...
Fit dağı mühüm hərbi strateji əhəmiyyətə malik olmuşdur. Yamacları, əsasən, meşəlikdən, bir sıra yerlərdə isə sıldırım qayalıqlardan ibarət olan dağın ən yüksək zirvəsində inşa olunan Fit qalası Şamaxı şəhərindən təxminən 35 km məsafədə yerləşir.
Divarların müəyyən hissəsi uçduğundan tam olaraq qala divarlarının hündürlüyünü müəyyən etmək mümkün deyil. Lakin mənbələrdə divarların hündürlüyünün təxminən 5 metrə çatdığı göstərilir.
Fit dağındakı “Qanlı qaya” adlanan ərazidə Şirvan hakimi Mustafa xanın 1791–1792-ci illərdə tikdirdiyi qalanın divarları qalmaqdadır. Mənbələrdə verilən məlumata görə, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın bölgəyə hücumu zamanı Mustafa xan Fit qalasına çəkilir və sonadək orada müdafiə olunur. Ağa Məhəmməd şah Qacarın orduları hücuma keçsə də, qalanın alınmaz olduğunu görüb geri çəkilirlər. Sonradan Mustafa xan Qala ətrafında üç arşın enində divar tikdirir. Fit qalası XIX əsrdə Çar Rusiyasının işğalçılıq müharibəsinə də mətanətlə sinə gərmişdir.
XIX yüzilliyin ilk illərində Çar Rusiyasının Azərbaycan torpaqlarını işğal etməsi bölgədə yeni müharibə ocaqlarının yaranmasına səbəb olur. Bu dövrdə Şamaxı xanlığının da müstəqilliyi real təhlükə qarşısında qalır. Mustafa xan ilk dövrlərdə Rusiyanın tələblərinə məhəl qoymur. Lakin qüvvələrin qeyribərabərliyi və Azərbaycan xanlıqlarının bir cəbhədə birləşməməsi Şamaxı xanlığının da vəziyyətini olduqca çətinləşdirir.
Fit qalasını özünə sığınacaq seçən Mustafa xan Çar Rusiyasına tabe olmaq istəmir. Bu dövrdə general Sisianov qalanı zəbt etməyin qeyri-mümkün olduğunu öyrənir və Şamaxı xanlığını
tabe etmək üçün Mustafa xanla danışıqlara getməyə razı olur. Sisianov Mustafa xanı Kürəkçay sahilindəki öz hərbi qərargahına dəvət edir. Lakin Mustafa xan Fit qalasını tərk etməyəcəyini bildirir.