Zivərbəy Əhmədbəyovun nəvəsi, yeganə qızı Firəngiz xanımın oğlu Oqtay Əfəndiyev deyir ki, məhz həmin ərəfədə, yəni 1902-ci ilin 31 yanvarında baş verən zəlzələ Şamaxını xarabazara çevirmişdi. Buna görə də Z. Əhmədbəyov bir müddət Şamaxıda qalır, o, şəhərin abadlaşması ilə məşğul olur. Tamamilə dağılmış Cümə məscidi ilə yanaşı, digər tikililəri də yenidən bərpa edir. 1907-ci ildə babam Bakıda başlanılan abadlıq işlərinə nəzarətçi təyin edilir. Həmin dövrdə Bakı şəhərinin memarlığı xüsusi naxışları və ornamentləri ilə fərqlənirdi. Zivərbəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bu səbəbdən də paytaxtın qubernatoru və ali təbəqəsi şəxsi mülklərinin layihəsini məhz ona etibar edirdi”.
Bu gün Bakıya yaraşıq verən tikililərin sırasında Təzəpir məscidi xüsusi memarlıq üslubu ilə fərqlənir. Məscid məşhur Aşurbəyovlar nəslinin nümayəndəsi Nabat xanımın vəsaiti hesabına tikilib. O zaman Bakı milyonçularının çoxu Avropanın ən məşhur memarlarını Bakıya dəvət edib özləri üçün yaşayış binaları tikdirirdilər. Nabat xanım məscidi məhz ilk azərbaycanlı memara tikdirmək fikrinə düşür. Bu memar isə gənc Zivərbəy idi. Müdrik qadın memarı yanına çağırıb niyyətini bildirdikdən sonra onu öz vəsaiti hesabına Şərq ölkələrinə göndərir ki, məşhur məscidlərin memarlıq üslubunu öyrənsin. Nabat xanım Bakıda Şərqin ən möhtəşəm məscidlərinə bənzər məscid görmək istəyirdi. Zivərbəyi Məkkə və Mədinəyə, İstanbula Şərqin memarlıq inciləri sayılan məscidlərin memarlıq üslubu ilə tanış olmağa göndərəndə ona belə demişdi: “Oğlum, qoy o müqəddəs ocaqların ruhu sənə ilham versin. Bax, öyrən, ən yaxşısını seç! Xalqımızın adına layiq elə məscid tik ki, adı dillər əzbəri olsun”.
Beləliklə, Zivərbəy Şərqin zəngin məscid memarlığını mənimsəyərək geri dönür. İndi Nabat xanım Aşurbəyovanın arzuladığı məscidi tikmək olardı. Zivərbəyin layihəsi əsasında ən bacarıqlı sənətkarların iştirakı ilə Bakıda unikal memarlıq abidəsi – Təzəpir məscidi meydana gəlir. Məscidin 1905-ci ildən başlanan tikintisi 1914-cü ilə kimi davam etdi.
Mehparə
“Mədəniyyət” jurnalından, 2014-cü il