Mən Bakıda doğulmuşam. Şəhərin mərkəzində, metronun “Nizami” stansiyası yaxınlığındakı binada yaşamışam. Eyvanımız metronun giriş qapıları tərəfə baxdığından ətrafdakı binalarda yaşayan insanları da tanıyırdıq. XX əsrin əvvəllərində tikilmiş ikimərtəbəli binaların sakinləri sanki böyük bir ailənin üzvləri idi. Memarlıq üslubu ilə seçilən, fərqli görünüşə malik olan bir bina isə Qərb memarlığını xatırlatdığından diqqəti daha çox cəlb edirdi. Bəlkə də, elə buna görə bu binaya baxmağı çox sevirdim. Bir dəfə həmin binanın memarının Zivərbəy Əhmədbəyov olduğunu eşitdim...
...2011-ci ilin iyul ayında Bakıya yay tətilinə döndüm. “Nizami” metro stansiyasının yanından keçərkən qarşısındakı meydanı tanımadım. Az vaxt ərzində ətrafda çox şey dəyişmişdi. Meydan və ətrafdakı binalar yeni görkəm almışdı. Meydanın mərkəzində isə məşhur azərbaycanlı memar Z.Əhmədbəyova heykəl qoyulmuşdu. Yaxınlaşıb heykələ diqqətlə baxmağa başladım.
Mən və mənim yaşıdlarım bu böyük memar haqqında nə bilirik? Onun Azərbaycan memarlıq tarixində yeri və rolu nədən ibarətdir? Bəs Azərbaycanın böyük memarları haqqında məlumatımız kifayət qədərdirmi? Təkcə ötən əsrin əvvəllərində, ortalarında, sonlarında deyil, heç bu gün də şəhəri gözəlləşdirən insanları tanımırıq. Zənnimcə, belə olmamalıdır.
(Xaricdə təhsil alan tələbənin məktubundan, ixtisarla)
Siz necə düşünürsünüz?
Məşhur Azərbaycan memarı Zivərbəy Əhmədbəyov Avropa təhsili almış və 1918–1925-ci illərdə Bakının baş memarı olmuş ilk ali təhsilli azərbaycanlı idi. O, 1873-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Bu gün Bakını bəzəyən, möhtəşəmliyi ilə göz oxşayan bir çox tikililər məhz onun adı ilə bağlıdır.
Zivərbəyin istedadlı memar kimi yetişməsi təsadüfi deyildi. Anası Töhfə xanımın musiqi, ədəbiyyat və poeziya həvəskarı olması onun gələcək karyerasının formalaşmasında əhəmiyyətli rol oynamışdır. O, yuxarı siniflərdə oxuyarkən qərara alır ki, memar olub gözəl sənət nümunələri yaratsın, xalqımızın zəngin memarlıq ənənələrini yaşatsın.
1893-cü ildə Peterburq şəhərindəki Mülki Mühəndislər İnstitutuna daxil olan Zivərbəy 1902-ci ildə memar diplomu ilə vətənə qayıdır. Dövrünə görə mükəmməl təhsil alan gənc kadr ilk
fəaliyyətinə doğulduğu şəhərdən başlayır. Onu Vətənə qayıtmağa istiqamətləndirən şəxs isə Azərbaycanın böyük ziyalısı Həsən bəy Zərdabi olur. H.Zərdabiyə yazdığı məktubların birində o bu görüşü həyatının ən böyük töhfəsi adlandırır.