Sakit okean hövzəsinə Böyük Suayırıcı dağlarının şərq yamacından axan çaylar aiddir. Daimi passat küləklərinin gətirdiyi yağıntı hesabına bu çaylar ilboyu bol sulu olurlar. Silsilənin şərq yamacı dik olduğundan Mərcan və Tasman dənizlərinə doğru qısa, sürətli və əyri-üyrü çaylar axır. Onların hamısı yuxarı axınlarında dar dərələrə malikdir. Silsiləni kəsən bir sıra çaylar astana və şəlalələr yaradır. Burada onlardan SES-lərin tikilməsində istifadə edilir.
Eyr gölü. Avstraliya
Avstraliyada göllər çoxdur, lakin onların çoxu axarsız və duzludur; böyük bir hissəsi yalnız yağış yağdıqdan sonra su ilə dolur. Şirin sulu göllər çox azdır.
Materikin ən böyük gölü olan Eyr Mərkəzi düzənlikdə okean səviyyəsindən 16 m aşağıda yerləşir. Göl çökəkliyinə çoxlu sayda kriklər (Kuper, Eyr və s.) axır. Fiziki xəritələrdə onun sərhədləri qırıq-qırıq xətlərlə verilmişdir.
Quraq dövrdə gölün sahəsi kiçilir. Eyr gölü – Eyr-Nord və Eyr-Soutz göllərindən ibarətdir. Yağışlı dövrdə kriklər dağlardan çoxlu su gətirir və göl vahid bolsulu sututara çevrilir. Ən rütubətli illərdə Eyr gölünün sahəsi 15 min km2-ə çatır. Göldəki sular buxarlanır, hər yer duzla örtülür. Göl dayaz hissələrə parçalanır. Qərbi Avstraliya yaylasında da çoxlu axarsız göllər var.