Afrikanın uzunluğu və hövzəsinin sahəsinə görə fərqlənən digər çayı Nigerdir. Çay axını boyunca quraqlıq ərazilərdən keçir, ona görə də böyük suvarma əhəmiyyətinə malikdir. Bu məqsədlə bəndlər və suvarma kanalları tikilmişdir. Bu problemin həllində su anbarları böyük rol oynayır.

Afrikada yerləşən göllərin əksəriyyəti materikin şərqindədir. Onlar Şərqi Afrika tektonik qırılma zonasında yaranan ensiz və uzun çökəkliklərdə yerləşir. Bu göllər dərin və dik sahillərə malikdir. Buna misal olaraq dünyada dərinliyinə görə Baykaldan sonra ikinci, Afrikanın isə ən dərin gölü Tanqanika (1470 m) və ondan cənubda yerləşən Nyasanı göstərmək olar.

Platformanın əyilmə zonasında yaranan, Afrikanın sahəsinə görə ən böyük, lakin nisbətən dayaz (80 m-ə qədər) gölü Viktoriyadır. Buradakı göllərin, demək olar ki, hamısı şirinsuludur.

Böyük Səhranın cənubunda nəhəng hamar çökəklikdə Çad gölü yerləşir. O, geoloji keçmişdə Böyük Səhrada mövcud olmuş böyük bir gölünün qalığıdır. Gölün dərinliyi 7 m-dir. Quraqlıq dövründə onun sahəsi 2 dəfə azalır, lakin yağışlar yağan zaman yenidən artır. Afrika səhralarında yeraltı suların rolu çox böyükdür. Onlardan içməli su kimi və suvarma məqsədilə istifadə olunur.


Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Afrikanın iri çaylarını və göllərini fiziki xəritədə tapın, onları kontur xəritədə qeyd edin.
2. Aşağıda göstərilən su anbarlarını xəritədə tapın və cədvəldə tamamlayın:
Su anbarları Hansı çayın üzərində yerləşir Hansı dövlətin (dövlətlərin) ərazisindədir
Volta
Viktoriya
Kaborra Bassa
Kariba

3. Konqo çayı üzərində su anbarlarının olmamasını nə ilə əlaqələndirmək olar?
4. Afrikanın fiziki xəritəsindən istifadə edin. Nil çayının səciyyəvi xüsusiyyətlərini bildirən 7 sual yazın. Cədvəl şəklində tərtib edərək cavab üçün sinif yoldaşlarınızla mübadilə aparın.

Nümunə.

Suallar Cavablar
1. ... mənbəyi haradan başlayır?
2...
3...
4...
5...
6...
7...