Materikin digər iri çayı – Paranadır. Onun mənbəyi Braziliya yaylasındadır. Cənuba doğru axaraq subekvatorial, tropik və subtropik iqlim qurşaqlarından keçir və La-Plata körfəzinə tökülür. Əsasən, yağış suları ilə qidalanır. Parana çayının bolsululuq dövrü Cənub yarımkürəsinin yay ayları olan dekabr–fevral aylarına düşür.
Cənubi Amerikanın şimalında Qviana yaylasından başlayaraq eyniadlı düzənliklə Orinoko çayı axır. Çay mənsəbində delta yaradır. Şimal yarımkürəsinin subekvatorial iqlim qurşağında yerləşdiyinə görə Orinokonun hövzəsinə yay aylarında bol yağıntı düşür. Dünyanın ən hündür şəlaləsi olan Anhel (1054 m) Orinoko çayının qolu üzərində (Çurun qolu) yerləşir. Çayın hövzəsi sıx meşələrlə örtülmüşdür. Orinokonun yerləşdiyi Venesuelanın meşə məhsulları ixracatçısı olması da bununla əlaqədardır. Çayın hidroenerji resurslarından az istifadə edilir.
Anhel şәlalәsi. Venesuela
Cənubi Amerika çaylarının əksəriyyəti Atlantik okeanı hövzəsinə aiddir. Bu, materikin qərbdən şərqə doğru meyilli və And dağlarının Atlantik və Sakit okeanlar arasında suayırıcısı olması ilə əlaqədardır. Materikdə Sakit okeana tökülən iri çayların formalaşması mümkün deyil.
Cənubi Amerikanın gölləri çox deyildir. Burada iri göllər yoxdur. Sahəsinə görə ən böyük gölləri Marakaybo və Titikaka gölləridir.
Marakaybo gölü materikin şimalında yerləşir, ensiz və dayaz kanal vasitəsilə Venesuela körfəzi və Karib dənizi ilə birləşsə də, göl adlanır. O, Cənubi Amerikanın ən iri gölüdür.