Relyef və iqlimindən asılı olaraq Avropanın hər bir regionunda özünəməxsus çay şəbəkəsi mövcuddur. Çaylar rejiminə, qidalanmasına və onlardan təsərrüfat məqsədilə istifadə edilməsinə görə bir-birindən fərqlənir. Çaylar əhalinin su ilə təmin olunmasında başlıca rola malikdir.
Şimali Avropada Skandinaviya dağlarından axan çaylarda çoxsaylı astana və şəlalələr vardır. Ona görə də onlar gəmi nəqliyyatı üçün əlverişli deyil, lakin onlardan ağac axıdılmasında geniş istifadə olunur. Avropanın şimalında olan çayların böyük hidroenerji ehtiyatları vardır ki, bundan da Norveç, İsveç və Finlandiya ölkələr çox səmərəli istifadə edir.
Orta Avropanın çay şəbəkəsinə ərazinin düzənlik relyefi güclü təsir edir. Çaylar enli dərələrlə axır və mühüm iqtisadi əhəmiyyət kəsb edir.
İl ərzində çaylarda suyun səviyyəsinin yüksək olması, suların donmaması Avropanın qərbində axan çaylardan gəmiçilik məqsədilə istifadə etməyə imkan yaradır. Bir çox iri çayların estuarilərində (Reyn, Sena, Luara) limanlar yerləşir. Qabarma vaxtı onlara okean gəmiləri daxil ola bilir.