• | ABŞ-da tornadoları proqnozlaşdırmaq üçün məlumatları toplayan və təhlil edən xüsusi xidmət növü yaradılmışdır. Kompüter proqramları tornadoların formalaşmasını və onların hərəkət istiqamətlərini modelləşdirir. Bu, fəlakətin əvvəlcədən xəbər verilməsinə imkan yaradır. Tornadonun tez-tez baş verdiyi regionların əhalisinə tornado yaxınlaşan zaman nə etmək lazım gəldiyi barədə təlimlər keçirilir. Bu səbəbdən də ən dağıdıcı tornadolar zamanı zərərçəkənlərin sayı az olur. Belə xidmətlər yaxşı texniki təchizat, yüksək elmi inkişaf səviyyəsi, ixtisaslaşmış mütəxəssislər və maddi vəsait tələb edir. İnkişaf etməkdə olan ölkələrdə isə bu işləri təşkil etmək çox çətindir. Ona görə də təbii fəlakətlər çoxlu insan tələfatına və böyük dağıntılara səbəb olur. |
• | ABŞ-da tornadoların tez-tez keçdiyi ştatlarda şagirdlər bu zaman nə etməli olduqlarını yaxşı bilirlər. |
Şimali Amerikanın iqliminin formalaşmasına təsir edən ən mühüm amil materikin coğrafi mövqeyidir. Şimali Amerika materiki də Asiya qitəsində olduğu kimi böyük bir məsafədə şimaldan cənuba doğru uzanır. Materikin şimalı soyuq arktik hava kütlələrinin təsirinə məruz qalır. Şimal Buzlu okeanından əsən şimal-şərq küləkləri hətta materikin mərkəzi hissələrinin temperaturunu xeyli aşağı salır.
Şimali Amerikanın iqlimində relyef amili əsas rola malikdir. Materikin mərkəzi hissəsinin relyefinin düzənlik olması, enlik istiqamətdə dağların olmaması nəticəsində şimaldan soyuq, cənubdan isə isti hava kütlələri daxil olur. Bu isə tornadonun burulğan şəklində olması ilə nəticələnir.
Sahil xәtlәrinin girintili-çıxıntılı olması da materikin iqliminə təsir edir. Hudzon və Meksika körfəzlərinin müvafiq olaraq şimaldan və cənubdan quruya doğru içərilərə çox daxil olması materikdə kəskin temperatur dəyişikliyinə gətirib çıxarır.