Cənubi və Mərkəzi Asiyanın iqliminə relyefin təsiri daha çoxdur. Himalay dağlarının cənub ətəyində yerləşən Çerrapunca məntəqəsində ildə orta hesabla 11 200 mm yağıntı düşür.
Asiyanın mərkəzi hissəsinin iqlimi kəskin və quraqdır. Bu, regionu əhatə edən dağ silsilələrinin rütubətli hava kütlələrinin qarşısını kəsməsi ilə izah edilir. Dağlıq regionların iqlimi yüksəklikdən asılı olaraq dəyişir. İqlimin yüksəklik qurşaqlığı Tyan-Şan və Himalay dağlarında daha aydın nəzərə çarpır.
Şimal Buzlu okeanı sahilinin arktik iqlim qurşağında yerləşən əraziləri bütün il boyu çox soyuq və quru hava kütlələrinin təsiri altında olur. Burada qışda hava -40°C – -50°C, yayda isə 0°C +4°C-yə çatır. Şimal-şərq küləkləri il ərzində materikə doğru Şimal Buzlu okeanından əsir, lakin yağıntı gətirmir. Çünki okeanın səthi buzla örtülüdür və onun səthindən, demək olar, buxarlanma getmir.
Subarktik iqlim qurşağı arktik və mülayim hava kütlələrinin mövsümi növbələşməsi ilə səciyyələnir.
Subarktik qurşaqda yay mülayim keçir, çünki burada mülayim hava kütlələri hakim olur. Lakin qış çox sərt soyuq olur ki, bu da arktik hava kütlələri ilə əlaqədardır. Bu ərazidə əkinçiliyi inkişaf etdirmək üçün heç bir imkan yoxdur. Əhalinin əsas məşğuliyyəti maralçılıq və xəz dəri heyvandarlığıdır.
Mülayim iqlim qurşağı Asiyanın çox hissəsini əhatə edir. Qərbi və Şərqi Sibirin iqlimi kontinentallığı ilə seçilir. Bu ərazilər kənd təsərrüfatının inkişafı üçün əlverişsizdir: yay qızmar, qış isə çox sərt olur. Şaxtalar bütün qış boyunca davam edir, temperatur –50°C-dən aşağı olur. Qitənin şimalında Şimal yarımkürəsinin soyuqluq qütbləri – Oymyakon və Verxoyansk yerləşir. Oymyakonda -71,2°C, Verxoyanskda isə -68°C temperatur müşahidə olunub.