Yer kürəsi öz oxu ətrafında 24 saat müddətində tam dövr edir (360° : 24 = 15°). Buna uyğun olaraq hər 15°-dən bir bölünmək şərti ilə 24 saat qurşağı ayrılır. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. 1924-cü il beynəlxalq sazişinə əsasən, ortasından Qrinviç meridianı keçən saat qurşağı sıfırıncı (eyni zamanda XXIV) saat qurşağı qəbul olunmuşdur. Yer kürəsi qərbdən şərqə doğru fırlandığına görə saat qurşaqlarının sırası da şərqə doğru artır.
Qonşu qurşaqlar arasında vaxt fərqi 1 saatdır. Şərqdə yerləşən qurşaq qərbdəkindən 1 saat irəli olur. Saat qurşaqlarının sərhədi qurşağın ortasından keçən (bu meridianlar 15-ə tam bölünən rəqəmlərlə ifadə olunur) orta meridiandan şərqə və qərbə doğru 7°30' arasında olur.