Ən qədim dövrlərdə insanlar Günəş istiliyindən və işığından istifadə etmişlər. Günəş işığı insanların iş qabiliyyətinin və sağlamlığının bərpasında böyük rola malikdir.
Günəşdən gələn istilik və işıq nəhəng və tükənməyən enerji mənbəyidir. Hazırda elm və texnikanın inkişafı bu enerjinin elektrik enerjisinə çevrilməsinə imkan verir. Günəş enerjisi Helio Elektrik Stansiyalarında (HES) elektrik enerjisinə çevrilir. Bu proses mürəkkəb texnoloji avadanlıq və xeyli vəsait tələb edir.
Ekoloji cəhətdən təmiz olan bu enerji növünün əldə edilməsi təbii şəraitdən asılıdır. İqtisadi baxımdan onun əldə edilməsi Günəş şüalarının düşmə bucağının daha yüksək olduğu enliklərdə sərfəlidir.
Günəş işığı və enerjisindən istifadə imkanları – kənd təsərrüfatı sahələrinin yerləşdirilməsində,
sənaye müəssisələrinin, yolların, yaşayış evləri və inzibati binaların işıqlandırılmasında böyükdür. Adətən, müəssisələrin tikilməsində təbii işıqlanma, yəni pəncərələrdən günəş işığının düşməsi nəzərə alınır. Lakin əksər binalarda süni işıqlanmadan, yəni elektrik işığından istifadə olunur. Uzun müddət süni işıqlanma məkanında olmaq diqqətin zəifləməsinə, iş keyfiyyətinin aşağı düşməsinə səbəb olur.