Afrikanı relyefinə görə iki hissəyə ayırmaq olar. Şimali və Qərbi Afrikada denudasion və akkumulyativ mənşəli düzənliklər, Cənubi və Şərqi Afrikada isə dağlıq relyeflər üstündür.
Şimali və Qərbi Afrika ərazisi, əsasən, düzənlikdir. Bu ərazi Afrika-Ərəbistan platforması üzərində yerləşir. Relyefin formalaşmasında ekzogen amillər böyük rol oynayır. Afrikanın bu hissəsində dünyanın ən böyük səhrası Böyük Səhra yerləşir. Onun sahəsi 9 milyon km2-ə çatır. Bu səhra üçün güclü küləklər və fiziki aşınma səciyyəvidir.
Səhrada eol relyef formaları üstünlük təşkil edir. Buradakı qum dyunlarının hündürlüyü 300 m-ə çatır. Əhaqqar, Tibesti və Darfur yaylalarındakı “şahid dağlar”ın hündürlüyü 2000-3000 m-dir. Qədim zamanlardan bu səhradan Qərbi və Şərqi Afrikanı birləşdirən ticarət yolları keçmişdir. Hazırda bu ərazilər zəif məskunlaşmışdır. Yaşayış məskənləri yalnız vahələrdədir. Vahələr əkinçilik və heyvandarlıq üçün əlverişli şəraitə malikdir. Şimali və Qərbi Afrikanın relyefinin formalaşmasında ekzogen amil kimi çayların rolu zəifdir. Lakin Nil, Niger, Seneqal kimi iri çaylar nəhəng çay dərələri, allüvial düzənliklər və deltalar yaratmışdır. Böyük Səhranın şimalqərbində - Aralıq dənizi sahilində Afrikada yeganə cavan dağ olan Atlas dağları yerləşir. Onun ən yüksək nöqtəsi Tubkal zirvəsidir (4165 m). Bu dağlar Alp-Himalay qurşağının ən qərb hissəsidir. Cavan dağların əksəriyyəti kimi Atlas dağlarında da antiklinal və sinklinallar üstünlük təşkil edir.
– Sxemləri fotoşəkillə müqayisə edin. Fotoşəkildə antiklinal və sinklinallara uyğun gələn sahəni tapın.
Afrika platformasının ən böyük əyilmə zonası Konqo çökəkliyidir. Bura hər tərəfdən yüksəkliklərlə əhatə olunmuşdur. Yağış suları çökəkliyin mərkəzi hissəsi ilə axaraq materikdə ən nəhəng çay sistemi olan Konqo çayını yaradır. Çökəkliyin daxili hissəsində yerləşən pilləli qırılıb-düşmələrdə xeyli sayda şəlalə və astanalar vardır.