And dağları Naska və Cənubi Amerika litosfer tavalarının sərhədindədir. Bu dağlar yüksək seysmikliyi, zəlzələlərin tez-tez baş verməsi və vulkanların fəallığı ilə fərqlənir. And Sakit okean “Odlu halqa”sının bir hissəsi olub subduksiya zonasında yerləşir.
And dağlarının ən yüksək zirvəsi Akonkaquadır. Digər zirvələr - Çimboraso və Kotopaxinin də hündürlüyü 6000 m-dən yüksəkdir. Bu zirvələr dağ buzlaqları ilə örtülmüşdür. And dağlarında nəhəng “mis qurşağı” yerləşir. Zəngin mis ehtiyatları burada yerləşən ölkələrin, əsasən də Çili və Perunun iqtisadiyyatında xüsusi rola malikdir.
Cənubi Amerika materikinin şərq hissəsi platformadır və onun üzərində düzənliklər yerləşir. Buranın relyefi ovalıqlar, yastı yayla, plato və yüksəkliklərdən ibarətdir. Amazon, La-Plata və Orinoko kimi nəhəng ovalıqların yaranmasında Cənubi Amerikanın Amazon, Parana və Orinoko çayları böyük rol oynamışdır. Bu alçaq allüvial düzənliklər hamar relyefə malik olub, Atlantik okeanına tərəf meyillidirlər. Orinoko ovalığı dünyanın zəngin neft, təbii qaz ehtiyatlarının mövcud olduğu ərazilərdən biridir.
Braziliya və Qviana yaylaları qədim dağ sistemlərinin qalıqları olub, denudasiyaya məruz qalmışdır. Braziliya yaylası filiz faydalı qazıntıları ilə zəngindir. Braziliya dövlətinin dəmir filizi ixracatçısı kimi dünyanın ilk onluğuna daxil olması da bununla əlaqədardır.