– | Şerplərin əkinçiliklə məşğul olmamasının səbəbi nədir? |
Şәrqi Asiyada Sakit okean sahilində ovalıqlar üstünlük təşkil edir. Bunlardan ən böyüyü qədim platforma üzərində yerləşən Böyük Çin düzənliyidir. Bu düzənlik Yantsızı və Xuanxe çaylarının gətirdiyi allüvial çöküntülərlə örtülmüşdür. Böyük Çin düzənliyi Çində əhalinin ən çox məskunlaşmış hissəsidir. Regionun şimalında Böyük və Kiçik Xinqan dağları yerləşir. Regionun şərq hissəsi Sakit okean və Avrasiya litosfer tavalarının toqquşduğu sərhəddədir. Bu zonada yerləşən qövsvarı adalarda (Yapon, Kuril) tez-tez zəlzələlər baş verir, vulkan və qeyzerlər püskürür, sunamilər yaranır.
Cənub-Şərqi Asiya Hind-Çin yarımadası və Malay arxipelaqını (Zond adaları və Filippin adaları) əhatə edir. Kalimantan (Borneo) və Sumatra adaları da bu regiondadır. Yarımadada dağlar meridional istiqamətdə uzanaraq Cənub-Şərqi Asiya ölkələrindən Myanma, Tailand, Laos və Vyetnamdan keçir. Dağlar arasında Mekonq düzənliyi yerləşir.
Bu region materik və okean tavalarının toqquşduğu sərhəddə yerləşir. Ona görə də, tektonik və seysmik cəhətdən çox fəaldır.