Səhmdarlar istədiyi vaxtda səhmləri sata və ya başqasına dəyişə bilirlər. ABŞ-da mövcud olan müəssisələrin 70%-ə qədəri fərdi, 10%-i şərikli, 20%-i isə səhmdar cəmiyyətlərə məxsusdur. Dövlət bölməsinin xüsusi çəkisi isə cəmi 1%-dir.
Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar yeni bir mülkiyyət forması meydana gəlmişdir. Bu, bәlәdiyyә mülkiyyәtidir. Bu mülkiyyət forması müəyyən ərazi daxilində olan təsərrüfat və sosial-məişət təyinatlı obyеktləri, özəlləşdirilməmiş mənzilləri, xüsusi mülkiyyətə verilməyən torpaqları və s.-ni əhatə edir. Bələdiyyə idarələrinin maliyyə mənbəyi torpaq, əmlak vergisi, yerləşdirilən reklamlar, avtomobil dayanacaqlarından əldə edilən gəlirlərdir. Bələdiyyələrin işi onlara aid ərazilərdə ekoloji tarazlığı qorumaq, yolların çəkilməsi və təmiri, yaşıllaşdırma və abaqlıq işləri, su borularının təmiri və təmizlənməsi, müxtəlif bayram tədbirlərinin keçirilməsi və s.-dən ibarətdir. Bələdiyyə mülkiyyətinin idarə olunması, əhali arasında seçkilərin nəticəsi əsasında seçilmiş bәlәdiyyә orqanı vasitəsilə həyata keçirilir. Bələdiyyə orqanında icma, qadınlar şurası və s. qruplar ola bilər. Hazırda Azərbaycan Respublikası ərazisində 1607 bələdiyyə fəaliyyət göstərir.
Mülkiyyətin növlərindən biri də dövlәt mülkiyyәtidir. Hər bir dövlət müəyyən əmlaka malikdir. Bəzi ölkələrdə dövlət əmlakının həcmi 80–90%-ə çatır. Lakin inkişaf etmiş ölkələrin əksəriyyətində bu rəqəm 10%-dən 50%-ə qədərdir.
Azərbaycan Respublikası ərazisi hüdudlarında torpaq, yerin təki, daxili sular və ərazi suları, bitki və heyvanlar aləmi, hava hövzəsi dövlətin müstəsna mülkiyyətidir.