Tələb - istehlakçının məhsulu (və ya xidmətləri) mövcud bazar qiymətləri ilə almaq istəyidir. Məhsulun qiyməti ucuz olduğu halda istehlakçı ondan daha çox miqdarda ala bilər. Bu halda məhsula tələb artar. Alıcıların sayı, gəlirləri, zövqləri tələbin artmasına təsir edən amillərdir.
Bazar iqtisadiyyatı şəraitində təklif anlayışı istehsalçını ifadə edir. İstehsalçı - məhsulu (və ya xidməti) müəyyən bir qiymətə satmağa hazırdır. Bazara çıxarılan məhsul qiyməti nə qədər baha olarsa, istehsal daha çox gəlir gətirir və daha sərfəli olur. Təklifə xammal, avadanlıq, vergi və bazara gələn yeni rəqiblərin qiyməti təsir göstərir.
Beləliklə, istehlakçı ilə istehsalçının maraqları birbirinin əksinədir. Alıcını aşağı qiymət, satıcını isə yüksək qiymət maraqlandırır.
Tələb və təklif azad və sağlam rəqabət yaratmaqla iqtisadiyyatın inkişafına təkan verir.
• | Bazar 6-7 min il əvvəl meydana gəlmişdir. Məhsulun tələbatdan
artıq istehsal edilməsi, çatışmayan məhsullara yaranan ehtiyac və nəqliyyatın inkişafı bazarların yaranmasına səbəb olmuşdur. Bazarların yaranması bir sıra tarixi şərtlərlə bağlı olmuşdur: əkinçiliyin heyvandarlıqdan ayrılması, sənətkarlığın müstəqil sahə kimi yaranması, ticarətin meydana gəlməsi və s. |
Rәqabәt – eyni növ məhsul istehsal edən və ya eyni xidmət sahələri ilə məşğul olan müxtəlif müəssisələr arasında gedən mübarizədir. Rəqabətin məqsədi mövcud bazarda üstünlüyə malik olmaqdır. Maddi istehsal sahələrində nə qədər keyfiyyətli və ucuz məhsul istehsal edilərsə, yaxud qeyri-istehsal sahələrində keyfiyyətli xidmət göstərilərsə, onlar bazarda rəqabətə davamlı olur. Məhsulun rəqabətə davamlılığını artırmaq üçün müxtəlif tədbirlər görülür: yeni dizayn, cəlbedici qablaşdırma, müştəriyə pulsuz çatdırılma, malın üzərində hədiyyə, lotereya oyunu və s.
Bazar iqtisadiyyatının ən vacib komponentlərindən biri sahibkarlıq fəaliyyətidir. Sahibkar - gəlir əldə etmək üçün öz biznesini (istehsal, yaxud xidmət müəssisəsi) yaradan şəxsdir. Sahibkarların gəlirləri artdıqca müəssisənin dövlətə ödədiyi verginin - yəni dövlət büdcəsinə köçürülən icbari ödənişlərin miqdarı artır. Bu isə səhiyyə, təhsil, hərbi, iqtisadi və digər dövlət proqramlarının həyata keçirilməsinə şərait yaradır.
Tələb qrafiki: məhsulun qiyməti nə qədər aşağı olarsa, ona tələb daha yüksək ola bilər.
Təklif qrafiki: malların qiyməti nə qədər yüksək olarsa, təklif də bir o qədər yüksək ola bilər.
Tarazlıq nöqtəsi: Qrafikdə tələb və təklifin kəsişdiyi nöqtədir: müəyyən bir qiymətdə tələb və təklif bərabərləşir.