Dəniz nəqliyyatı ilə gətirilən xammala əsaslanan sahələr, adətən, sahilboyunda yerləşdirilir.
• | Metallurgiya, kimya sənayesi və elektroenergetika mərkəzləri |
→ | Xammal axını |
Təsərrüfat müəssisələrinin yerləşdirilməsinə təsir edən amillərdən biri işçi qüvvəsi hesab edilir. Müəssisələr işçilərin ixtisas təcrübəsinə, cinsi tərkibinə görə də müxtəlif tələblərə malik olur. Dəqiq maşınqayırma sahələri yüksəkixtisaslı kadrlar tələb edir. Abşeron iqtisadi rayonunda və Bakı şəhərində maşınqayırma, kimya, qida və yüngül sənaye müəssisələrinin yerləşdirilməsi işçi qüvvəsinin burada cəmlənməsi ilə əlaqədardır.
Yüngül və ərzaq sənayesi müəssisələrində, əsasən, qadın əməyi tələb olunur. Belə müəssisələr əksər hallarda şəhərlərdə yaşayış massivlərinə daha yaxın tikilir. Bu həm də yüngül və qida sənayesinin ekoloji cəhətdən daha təmiz olmaları ilə əlaqədardır.
Ərzaq sənayesinin bəzi sahələri (meyvə-konserv, şəkər, şərab, balıq-konserv və s.) birbaşa xammaldan asılı olduğuna görə onların yerləşdirilməsində xammal amili əsasdır. Məsələn, Göyçay, Xaçmaz, Quba, Zaqatala və s. rayonlardakı meyvə-konserv zavodları nümunə ola bilər. Quşçuluq sənayesi də şəhər əhalisini təmin etdiyi üçün iri şəhərlərə yaxın yerləşdirilir.