Müəssisələrin düzgün yerləşdirilməsi məhsulun maya dəyərinə təsir edən mühüm amildir. Filizin tərkibində metalın miqdarı az olduqda saflaşdırılmaq tələb olunur.
Saflaşdırma – filizin müxtəlif qarışıqlardan təmizlənməsi prosesidir. Qarışıqlar çox olduqda, saflaşdırma prosesi həmin ehtiyatın çıxarıldığı ərazidə həyata keçirilməlidir. Çünki saflaşdırma zamanı xeyli miqdarda tullantı yaranır. Belə filizi kənara daşımaq üçün daha çox nəqliyyat xərcləri tələb olunur. Ona görə də müəssisənin yerləşdirilməsində mineral ehtiyat mənbələrinə, yəni xammala yaxınlıq prinsipi əsas götürülür. Buna Daşkəsən filiz saflaşdırma müəssisəsini misal gətirmək olar. Yataqdan çıxarılan dəmir filizi orada saflaşdırılır, asma-kanat yolu ilə Quşçu dəmiryol stansiyasına daşınır və istehlakçılara çatdırılır.
Saflaşdırılmış filizlərin (mis, dəmir və s.) əridilməsi və ondan metal külçələrin hazırlanması digər müəssisələrdə həyata keçirilir. Belə müəssisələr metallurgiya zavodlarıdır. Əlvan metalın əridilməsi prosesi çoxlu elektrik enerjisi tələb edir. Ona görə də belə müəssisələr ucuz elektrik enerji mənbələrinə yaxın yerləşdirilir. Bu enerji amili məhsulun daha ucuz başa gəlməsinə imkan verir. Məsələn, Zəylik alunit yatağından çıxarılan xammal Gəncədə yerləşən “DETAL” alüminium kompleksinə göndərilir. Buna səbəb Gəncənin ucuz enerji mənbəyinə yaxın yerləşməsidir.