Alp dağları Şimali Avropanın qədim dağlarından yüksək, şişuclu (pikşəkilli) zirvələri və yamaclarının dik olmaları ilə fərqlənir.
Hündürlüyü 3500 m-dən yüksək zirvələr, o cümlədən Alp dağlarının hündürlüyü 4807 m olan ən yüksək zirvəsi Monblan (fr. “Mont Blanc” – ağ dağ deməkdir) dağ buzlaqları ilə örtülüdür. Alp dağlarının yerləşdiyi Fransa, İsveçrə, Avstriya, İtaliya kimi ölkələrdə həm qışda, həm də yayda fəaliyyət göstərən dağ kurortları yaradılmışdır. Bu kurortlar qış idman növləri həvəskarları arasında çox məşhurdur. Onlar ölkənin iqtisadiyyatına xeyli gəlir gətirməyə imkan verir. Lakin seysmik cəhətdən aktiv ərazilərdə zəlzələlər təsərrüfata, əhaliyə və səyahətə gəlmiş turistlərə ziyan vurur.
Cәnubi Avropa Aralıq dənizinin şimal sahillərini əhatə edir. Orta Avropa ilə müqayisədə sahil xətləri çox parçalanmışdır. Yarımada və adaların relyefi, əsasən, dağlıqdır. Pireney, Apennin, Balkan yarımadalarındakı dağlar intensiv tektonik və seysmik proseslərlə səciyyələnir. Etna, Vezuvi kimi fəaliyyətdə olan vulkanlar da burada yerləşir.
Balkan yarımadasında Karst platosu vardır. O, əsasən əhəngdaşı süxurları ilə örtülüdür. Bu süxurlar intensiv yuyulmaya məruz qalır. Onlarda karst relyef formaları, o cümlədən, mağaralar yaranır.