İstehsalın ən mürəkkəb sahəsi sənayedir. Sənaye iki qrupa bölünür:
A qrupu. İstehsal vasitələri istehsal edən, yəni digər məhsulları istehsal etmək üçün istifadə olunan avadanlıqların istehsalını birləşdirir və ağır sәnaye adlanır. Onun tərkibinə energetika, dağ-mədən, maşınqayırma, metallurgiya, kimya və meşə sənayesi daxildir. Hər hansı məhsulun istehsalı prosesində təbiətə xeyli miqdarda tullantı atılır. İstehsal tullantılarının qarşısının alınması müasir dövrün ən mühüm problemlərindən biridir. Elmi-texniki tərəqqinin nailiyyətlərini tətbiq etməklə, istehsal tullantılarını minimuma çatdırmaq mümkündür. Lakin tamamilə tullantısız istehsal prosesini yaratmaq hələlik mümkün deyil.
B qrupu. İstehlak malları, yəni bilavasitə əhalinin istifadə etdiyi məhsulları istehsal edən sahədir. Bura yüngül və qida sənaye sahələri daxildir.
İstehsal və qeyri-istehsal sahələrinin əhalinin tələbatına xidmət edən sahəsi xidmət sahələrini əmələ gətirir. Bu sahədə hər hansı maddi məhsul istehsal edilmir. Xidmət sahəsini digərlərinə fayda verən, rahatlıq yaradan sahə adlandırırlar. Xidmət sahələri olduqca müxtəlifdir.
1. İnfrastruktur xidmәtlәri – istеhsаl prosesini tənzimləmək üçün göstərilən xidmətlərdir: nəqliyyat, rabitə, elektrik, su, qaz təchizatı, təmir və s. Bu xidmət növləri tətbiq edilmədən A və ya B qrupuna daxil olan sahələri inkişaf etdirmək qeyri-mümkündür.
2. Fәrdi xidmәtlәr – əhalinin fərdi olaraq məişət tələbatını ödəmək üçün göstərilən xidmətlərdir: istirahət-əyləncə, bərbərxana, dərzi, kimyəvi təmizləmə, mühafizə-xidməti və s.
3. İşgüzar xidmәtlәr – istehsalçının təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir: bank marketinq, reklam, hüquq məsləhətxanası və s.
4. Sosial xidmәtlәr – vətəndaşların təhsil, səhiyyə, idman, mədəniyyət və s. sahələrə olan tələbatlarının ödənilməsinə xidmət edir. Sosial xidmətlərdən “ASAN” xidmət xüsusilə seçilir.