Yüksək dağlıqlar | Səhra və yarımsəhralar | Ekvatorial meşələr | Çoxillik donuşluq zonası |
– | Göstərilən məntəqələrdə əraziləri mənimsəmək üçün hansı təklifləri verərdiniz? |
Yüksək dağlıq ərazilər - And, Kordilyer, Himalay, Alp, Pamir, Tyan-Şan, Qafqaz dağları zəngin mineral ehtiyatlara, müalicəvi sulara, dağ meşələrinə, rekreasiya ehtiyatlarına malikdir. Lakin ağır texnikanın yüksək dağlıqlara daşınması, çıxarılan faydalı qazıntı süxurlarının saflaşdırılması və emal müəssisələrinə çatdırmaq üçün nəqliyyat yolları, xüsusilə dəmir yolu xətti tələb olunur. Meyilliyi 12-15°-dən çox olan ərazilərdə isə qatarların hərəkətində çətinlik yaranır.
Yamacların meyilliliyinin 20–25° olduğu ərazilərdə əkinçilik fəaliyyəti üçün yamaclarda terraslaşdırma işləri aparılır. Belə ərazilər həm də heyvandarlıq üçün yay otlaqları kimi istifadə oluna bilər.
Sәhra vә yarımsәhralar – vegetasiya müddətində daha çox günəş istiliyi tələb edən qiymətli bitkilərin – pambıq, qəhvə, kakao, çəltik, şəkər qamışı və s.-nin becərilməsi üçün imkan vardır. Lakin su çatışmazlığı bu ərazilərin mənimsənilməsinə mane olur. Məsələn, pambığın becərilməsi üçün tələb olunan temperatur şəraiti +25...+30°C olsa da, vegetasiya müddətində hər hektara 6000–8000 m3 su tələb olunması bu bitkinin yetişdirilməsində problemlər yaradır. Hazırda səhralarda vahəşəhərlər yaradılır, qumlu səhralar əkinçilik üçün yararlı hala gətirilir, avtomobil yolları çəkilir. Səhrada daim mövcud olan küləklər də güclü enerji mənbəyidir.
Rütubәtli hәmişәyaşıl ekvatorial meşә vә cәngәlliklәr – Cənubi Amerika, Mərkəzi Afrika və Cənub-Şərqi Asiyada yağıntıların həddən çox olması ərazinin bataqlaşmasına səbəb olmuşdur. Bu ərazilərdə keçilməz meşə landşaftı mövcuddur. Zəngin bioloji ehtiyatları və yeraltı sərvətləri mənimsəmək üçün ərazilərdə qurutma işləri aparılır.
Çoxillik daimi buzlaq və donuşluq zonası - ABŞ, Kanada, Rusiya və Norveçin Şimal qütbünə yaxın əraziləri mis, qızıl, almaz, neft, torf ehtiyatları ilə zəngindir. Lakin donmuş bərk süxur qatı qazıntı işlərini aparmağa mane olur. Qısa yay müddətində donuşluğun üst qatı buzdan azad olur, bu yerlər göl bataqlıqlarına çevrilir. Vəziyyət nəqliyyat yollarının çəkilməsinə mane olur ki, bu da ərazinin mənimsənilməsində çətinlik törədir.