XX əsrin əvvəlində dünyanın iqtisadi mənzərəsində ikimərkəzlilik yarandı. Bu dövrdə Qərbi Avropa ilə yanaşı, ABŞ da güc mərkəzi oldu. Yaradılan iri elmi-tədqiqat institutlarına Avropadan məşhur alimlər cəlb edildi. Ölkədə elmi-texniki yeniliklərin tətbiq edildiyi nəhəng istehsal müəssisələri yaradıldı. İstehsal olunan məhsulun satışı üçün məqsədyönlü fəaliyyət – marketinq fəaliyyəti tətbiq edildi.
1950-ci illərdən başlayaraq Yaponiyanın da iqtisadı gücü sürətlə artdı. Dünyada çoxmәrkәzli iqtisadi model yarandı.
İqtisadiyyatda Amerika modelinin mahiyyətlərindən biri xüsusi mülkiyyətin iqtisadiyyatda çəkisinin çox olması və üstün mövqe tutmasıdır.
İqtisadi güc mərkəzləri | Dünya əhalisi sayında payı (%-lə) | Dünya ərazisinə görə payı (%-lə) | Dünya ticarətində payı (%-lə) | İstehsal edilən sənaye məhsulunun payı (%-lə) | Kənd təsərrüfatı məhsulu istehsalında payı (%-lə) |
ABŞ | 4,5 | 7,2 | 15,6 | 22,0 | 11,0 |
Avropa Birliyi | 6,2 | 2,4 | 42,6 | 21,0 | 20,0 |
Yaponiya | 2,1 | 0,3 | 10,2 | 9,0 | 5,0 |
Digər ölkələr | 87,2 | 89,1 | 31,6 | 48 | 64 |
1975-ci ildə Fransanın təşəbbüsü ilə Almaniya, ABŞ, Fransa, Britaniya, İtaliya və Yaponiyanın üzv olduğu “Altılıq” - “Great-6” (“G-6”) yaradıldı. 1976-cı ildə Kanadanın bu qrupa daxil edilməsi ilə “G-6” qrupu “Böyük yeddilik” (“G-7”) adlandı. “G-7” çərçivəsində ən aktual məsələlər, dünyanı narahat edən siyasi, iqtisadi, sosial və s. problemlər müzakirə edilir.
Dünya ixracatının 49%-i “'G-7”in payına düşür. Sənaye istehsalının 51%-i də bu qrupa məxsusdur.
XX əsrin sonunda inkişaf etməkdə olan ölkələrdən bəziləri iqtisadiyyatlarında yeni modellər tətbiq edərək dünyanın yeni iqtisadi güc mərkəzlərinə çevrildi. Bunlardan ən mühümü Çin Xalq Respublikasıdır. Çin özünəməxsus iqtisadi model yaratmışdır. Ölkədəki əksər müəssisələrə dövlət nəzarət edir. 2019-cu ildə dünyada istehsal olunan məhsul və göstərilən xidmətlərin həcminə görə Çin 2-ci yeri tutur. Müasir dövrdə Çini “Dünya emalatxanası” adlandırırlar. Dünyanın tanınmış şirkətləri Çin iqtisadiyyatına böyük həcmdə sərmayə qoyur. Onlar öz müəssisələrini burada yerləşdirməkdə maraqlıdırlar. Buna səbəb ölkədəki zəngin xammal və kifayət qədər ucuz işçi qüvvəsidir.