Cәnub-Şәrqi Avropa regionuna daxil olan – Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Serbiya, Makedoniya və digər ölkələr yaxın zamana qədər sosialist ölkələri blokuna daxil idi. Bu ölkələrdə yeni ictimai münasibətlər hələ də çətinliklə yaranmaqdadır.
Siyasi, iqtisadi-sosial xüsusiyyətlərinə görə ziddiyyəti ilə fərqlənən Cәnub-Qәrbi Asiya regionunun bir neçə ölkəsi də Aralıq dənizinə çıxışa malikdir. Bu ölkələr Türkiyə, Livan, Suriya və İsraildir. İsrail–Fələstin münasibətləri və Suriyada baş verən müharibə bu regionda təhlükə mənbəyi olmaqla yanaşı, iqtisadiyyatın zəifləməsinə gətirib çıxarır.
Hazırda Aralıq dənizi sahilində yerləşən ölkələr arasında müxtəlif beynəlxalq birlik və təşkilatlar yaranmaqdadır. 2008-ci ildə regionda yerləşən ölkələrin başçılarının iştirakı ilə yeni bir beynəlxalq təşkilat yaradılmasına dair razılıq əldə edilmişdir. Bu təşkilatın 43 üzvü vardır.
“Aralıq dәnizi sahili ölkәlәrinin birliyi” adlanan təşkilatın məqsədi regiondakı ölkələr arasında sülh, iqtisadi, mədəni əlaqələri möhkəmlətmək, onların inkişaf səviyyələri arasında fərqi azaltmaqdır.