Aralıq dənizi ən qədim dövrlərdən gəmiçiliyin inkişafı ilə seçilmişdir. Uzun müddət regionun hər tərəfində inkişaf səviyyəsi təqribən eyni olmuşdur. Regiondakı tikililər memarlıq baxımından oxşar olmuşdur. Ticarət əlaqələri regionun hər tərəfində böyük satış bazarlarının yaranmasına, istehsal alətlərinin, kənd təsərrüfatı məhsullarının mübadilə edilməsinə şərait yaratmışdır.
Baş verən hakimiyyət dəyişiklikləri, irimiqyaslı müharibələr, yaranan dini fərqlər regionun inkişafının zəifləməsinə, yəni ölkələrin tәnәzzülә uğramasına səbəb olmuşdur. Hazırda Aralıq dənizi sahilində iqtisadi-siyasi, sosial fərqlərinə görə – Cәnubi Avropa, Cәnub-Şәrqi Avropa, Cәnub-Qәrbi Asiya və Şimali Afrika olmaqla 4 region mövcuddur.
Cәnubi Avropa ölkәlәri – İtaliya, İspaniya, Yunansıtan, Monako, San-Marino iqtisadi inkişaf səviyyəsinə görə regionun ən qabaqcıl ölkələridir. Mineral ehtiyatlarla zəif təmin olunmasına baxmayaraq, bu regionda sənayenin müxtəlif sahələri, xüsusilə də avtomobilqayırma, cihazqayırma, yüngül və yeyinti sənayesi güclü inkişaf etmişdir. Şərabçılıq bu ölkələrin ənənəvi sahələrindən biridir. Əkinçilik, xüsusilə də sitrus meyvəçiliyi, zeytun və üzümçülük geniş yayılmışdır. Ölkələr turizmdən xeyli miqdarda gəlir əldə edir.
Şimali Afrika ölkәlәri – Əlcəzair, Misir, Liviya, Tunis və Mərakeş əhalinin həyat səviyyəsinə görə aşağı – yəni, geridә qalmış ölkələrdir. Lakin bu ölkələr iqtisadiyyatın inkişafına görə Afrikanın digər ölkələrindən daha irəlidədir. Bu onların Avropa regionuna yaxınlığı ilə izah olunur.
Şimali Afrika ölkələri zəngin neft-qaz ehtiyatlarına malik olub dünya bazarına xammal ixrac edir. İqlimin quraq olması əkinçiliyə mane olur; bu regionda sitrus meyvəçiliyi, turizm və heyvandarlıq (qoyunçuluq, dəvəçilik) inkişaf etmişdir.