Türk sivilizasiyası - Avrasiyada yaranan ən qədim sivilizasiyalardan biri olub, eramızdan əvvəl Avrasiyanın geniş çöllərində formalaşmışdır. Hazırda türk xalqları əlverişli-coğrafi mövqeyə malik olan Mərkəzi Asiya, Qafqaz, Kiçik Asiya yarımadası, Sayan-Altay dağlarının şimal-qərb bölgəsi, Talas vadisi, Ordos vilayəti, Orxon-Yeniseyətrafı ərazilər, Urmiya gölü hövzəsi, Qara dəniz sahili ərazilərində məskunlaşmışlar. Türklərin “Böyük çöl”də məskunlaşması onların həyat tərzinə güclü təsir etmişdir. Müvəqqəti köçlər zamanı onlar rahat açılıb-yığılan alaçıq və yurtalardan istifadə etmiş, əsasən, heyvandarlıqla məşğul olmuşlar.
Türklərin yerdəyişməsi tarixi mənbələrdə “Xalqların böyük köçü” adlanır. Bu nəhəng miqrasiya eramızın II əsrindən başlayaraq 300 ildən çox davam etmişdir.