Tədqiqatçılar Yer üzərində 21 fərqli sivilizasiyanın mövcud olduğunu bildirirlər. Hazırda isə özünəməxsus xüsusiyyətlərə malik olan Qәrb, Şәrq, Konfutsi, Yapon, Hind, Slavyan-pravoslav, Latın Amerikası vә Afrika sivilizasiyaları və s. mövcuddur. Sivilizasiyalar əbədi deyildir. Tarixən yüksək inkişaf səviyyəsinə malik olmuş güclü sivilizasiya tədricən zəifləyib məhv olur, zəif sivilizasiyanın yerində isə daha güclüsü yarana bilər. Məsələn, vaxtilə yüksək sivilizasiyaya malik olan qədim İraqda hazırda ağır həyat şəraiti hökm sürür. Orta əsrlərdə əyalət kimi tanınan Avropa isə müasir dövrdə yüksək Qərb sivilizasiyasının mərkəzinə çevrilmişdir.
Müasir dövrdə dünyada ən güclü olan sivilizasiyalar Şərq və Qərb sivilizasiyalarıdır. Qərb sivilizasiyası Qərbi Avropa, Amerika və Avstraliyada formalaşmışdır. Bu sivilizasiya yeniliklərə meyilliliyi, həmçinin elm və texnikanın yüksək inkişaf sürəti ilə səciyyələnir. Cənub-Qərbi Asiya və Şimali Afrikada yayılan Şərq sivilizasiyası isə daha çox ənənələrə sadiq olması ilə səciyyələnir.
Adətən, sivilizasiyalar müəyyən təbii landşaft - çay, dəniz sahillərində, dağlarda, meşə, səhra və çöllərdə formalaşır. Yarandığı landşaftdan kənara keçdikdə sivilizasiyanın inkişafı zəifləyir. Misir sivilizasiyası Nil çayı sahilində, Finikiya sivilizasiyası Aralıq dənizinin şərq sahilində, İnk, Astek və Mayya sivilizasiyaları And və Kordilyer dağlarında, Ərəb sivilizasiyası Cənub-Qərbi Asiyanın və Şimali Afrikanın səhralarında, Türk sivilizasiyası isə Mərkəzi Asiyanın çöl landşaftında formalaşmışdır.