Regional ekoloji problemlərə əyani misal kimi Abşeronun neftlə çirklənmiş ərazilərini göstərmək olar. Azərbaycan hökuməti dövlət və özəl şirkətlərlə birgə torpaqların rekultivasiyası ilə bağlı qərar qəbul etmişdir. Görülən tədbirlər torpaq və su hövzələrinin təmizlənməsinə, bitki örtüyünün bərpasına imkan vermişdir. Neft və neft məhsulları ilə çirklənmiş 1430 hektar torpaq sahəsi Azərbaycan hökumətinin 2006–2013-cü illər ərzində həyata keçirdiyi tədbirlər nəticəsində təmizlənmişdir. Bu tədbirlər Azәrbaycanın ekoloji siyasәtinin tərkib hissəsinə aiddir. Hazırda ekoloji siyasət hər bir dövlətin siyasətində mühüm yer tutur. Lokal ekoloji böhran daha kiçik ərazi əhatə edir. Böyük Şor gölünün əvvəlki vəziyyəti buna misal ola bilər.
Ekoloji siyasәt – ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi üçün siyasi, iqtisadi, qanunverici, maarifləndirici-təbliğat xarakterli tədbirlər sistemidir. Bütün dövlətlər, xüsusilə iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər mütərəqqi ekoloji siyasəti formalaşdırmağa çalışır. Ekoloji siyasətin məqsədi tәbiәtin, cәmiyyәtin vә iqtisadiyyatın balanslı inkişafı üçün şərait yaratmaqdır.
№ | Ekoloji siyasətin istiqamətləri | Ekoloji siyasətin məqsədi |
1. | Siyasi | ətraf mühitin mühafizəsi uğrunda hökümətlərin siyasi və ictimai təşkilatların fəaliyyəti |
2. | İqtisadi | ətraf mühiti çirkləndirən müəssisələrin ödəmə və vergi sistemlərinin yenidən işlənməsi, həmçinin təbiətdən səmərəli istifadə edənlər üçün güzəşt və imtiyazların tətbiqi |
3. | Qanunverici | cəmiyyət, istehsalat və təbiət arasında münasibətlərin tənzimlənməsinə yönəldilmiş qanunların qəbul edilməsi |
4. | Maariflәndirici vә tәbliğat | əhalinin ekoloji biliklərinin və mənəvi məsuliyyətinin formalaşdırılmasına kömək edilməsi |
5. | İnzibati nәzarәt | təbiəti mühafizə qanunvericiliyinə əməl olunmasına və təsərrüfat fəaliyyətinə nəzarət, ekoloji monitorinqi |
Ekoloji siyasətin təmin olunmasında əsas rol dövlətə məxsusdur. Lakin bu siyasətin hazırlanmasında və həyata keçirilməsində beynəlxalq təşkilatlar, elmi ictimaiyyət, ictimai hərəkatlar da iştirak edir.