zonal | azonal | intrazonal |
XX əsrdə elm və texnikanın, sənaye və kənd təsərrüfatının intensiv yollarla inkişafı, həmçinin dünya əhalisinin sayının kəskin artması insanın təbiətə təsirini gücləndirmişdir. Bir çox ekoloji problemlər kəskinləşmiş, bəziləri isə ekoloji böhran xarakteri almışdır.
Ekoloji böhran – ətraf mühitin böhran vəziyyətində nəzərəçarpacaq dərəcədə dəyişməsidir ki, nəticədə təbii komplekslər, oradakı canlı orqanizmlərin gələcək mövcudluğu təhlükə altında qalır. Yer kürəsində ekoloji vəziyyətin dərəcələri müxtəlifdir. Ətraf mühiti ekoloji vəziyyətinə görə 5 qrupa ayırmaq olar:
1. Tәbii vәziyyәt – insan fəaliyyətinin olmadığı və ya çox zəif olduğu ərazilərdir. Yer kürəsinin ekstremal ərazilərində (yüksək dağlar, arktik və tropik səhralar, ekvatorial cəngəlliklər və s.) təbiət, demək olar ki, dəyişməmişdir.
2. Müvazinәt vәziyyәti – insan fəaliyyətinin təsiri olsa da, təbiət özünü bərpa edə bilir. Müvazinət vəziyyəti mülayim qurşağın iynəyarpaqlı meşələrində, rütubətli ekvatorial meşələrin savanna ilə sərhədində müşahidə olunur.
3. Böhran vәziyyәti – insan fəaliyyətinin təsiri böyükdür. Belə ərazilərdə təbiətdə dəyişiklik dərəcəsi yüksək olur. Lakin ilkin təbii komplekslərin mövcudluğu hiss olunur. Böhran vəziyyətinə çöl, meşə-çöl, savanna və seyrək meşələr aid ola bilər.
4. Faciəli vəziyyət - mühitin əvvəlki vəziyyətinə bərpa olunması üçün uzun illər tələb olunur. İri şəhərlərin kənarlarında faydalı qazıntıların çıxarıldığı ərazilər nümunə ola bilər.
5. Kollaps vәziyyәti – bioloji məhsuldarlığını əbədi itirən ərazilərdir. Kollaps vəziyyətə malik olan ərazilərdə insanların yaşaması təhlükəlidir. Belə ərazilərə misal olaraq Çernobili göstərmək olar. Bu şəhərdə atom-elektrik stansiyasında baş verən partlayışdan sonra yaşamaq təhlukəli hal almışdır.