Hər bir xəritənin şərti işarələri olur. Bütün şərti işarələr xəritələrin legendasında göstərilir. Şərti işarələrə əsasən xəritədə siz nəyin təsvir edildiyini başa düşürsünüzsə, deməli, onu “oxuya bilirsiniz”.
Topoqrafik xəritələri oxumaq, əlbəttə, hər şeydən əvvəl diqqət tələb edir.
Topoqrafik xəritədə rənglərin mənası fiziki xəritədəkindən fərqlənə bilər. Çaylar, göllər və digər su obyektləri hər iki xəritədə göy rənglə verildiyi halda, yaşıl rənglə fiziki xəritələrdə ovalıqlar, topoqrafik xəritələrdə isə bitki örtüyü göstərilir. Bitki örtüyünün tiplərini fərqləndirmək üçün müxtəlif şərti işarələrdən istifadə edilir.
Topoqrafik xəritədə təsvir olunan relyef formalarını təsəvvür etmək üçün bir neçə qaydanı bilmək lazımdır:
1. Topoqrafik xəritələrdəki horizontallar eyni mütləq hündürlüklərə malik olan nöqtələri birləşdirir və qəhvəyi xətlərlə çəkilir. Ərazinin relyef xüsusiyyətləri onlara əsasən müəyyən edilir.
2. Adətən, dairə formasında olan qapalı horizontallar təpə və ya çökəkliyi göstərir.