Su anbarları və çaylar, həmçinin balıqçılığın inkişaf etdirilməsində istifadə olunur. Balıq sənayesi heyvandarlıq sahəsinin qollarından birini təşkil edir. Bu sahə yeyinti sənayesinin ən mühüm sahələrindən biridir. Su anbarlarında balıqçılığın inkişafı əhalinin təzə balıq ətinə tələbatını ödəməklə yanaşı, balıq konservlərinin hazırlanması üçün xammal ehtiyatını yaradır. Balıqçılığın inkişaf etdirilməsi üçün, ilk növbədə, balıq fermaları yaradılır ki, bu müəssisələrdə kürülər saxlanılır, sonra xüsusi hovuzlarda yetişdilir və satılır. Bu fermalardan biri Qəbələ rayonundadır. Fermada alabalıq və digər qiymətli balıq növləri yetişdirilir.
Müsbət xüsusiyyətləri ilə yanaşı, su anbarlarının təbiətə mənfi təsiri də var. Ətrafda qrunt sularının səviyyəsi qalxır və təbiətdəki tarazlıq pozulur. Nəticədə, quraq ərazilərdə yerləşən su anbarlarının ətrafında şoranlıqlar, rütubətli ərazilərdə isə bataqlaşma baş verir. Mingəçevir su anbarının tikilməsi nəticəsində çayda suyun səviyyəsi aşağı düşmüş, Kür boyunda yerləşən axmaz göllərin çayla əlaqəsi kəsilmişdir. Bu isə axmaz göllərin suyunun tərkibinin tədricən şorlaşmasına səbəb olmuşdur.