AXC ordusunun Həbib bəy Səlimov, İbrahim ağa Usubov, Həmid bəy Qaytabaşı, Məmməd bəy Sulkeviç, Cavad bəy Şıxlinski kimi istedadlı generalları var idi.
Rəsmi mənbələrə görə, 1920-ci ilin bolşevik-daşnak terroru nəticəsində Azərbaycan Milli Ordusunda xidmət edən 12 general, 27 polkovnik, 46 kapitan, 148 praporşik və 266 digər rütbəli hərbi qulluqçu qətlə yetirilmişdir. Bu hərbçilər həbs olunan zaman Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov Nəriman Nərimanova müraciət etmişdilər. Göndərdikləri məktub ünvanına çatmış və onlar xilas olmuşdular. Orduya soxulan terrorçu-daşnaklardan ehtiyat edən N.Nərimanov Ə.Şıxlinski və S.Mehmandarovu Moskvaya göndərmişdi.
Siyasi baxışları fərqli olduğu halda generallarımızı xilas edən N.Nərimanovun bu addımını müzakirə edin.
1919-cu ilin yayında hökumətin böyük səyləri nəticəsində Xəzər Hərbi Donanması yaradıldı. Xaricdən alınan hərbi kater və sualtı qayıqlarla təmin edilən bu donanma Cümhuriyyətin dəniz sərhədlərini qoruyurdu.
Hərbi nazir Səməd bəy Mehmandarovun və müavini Əliağa Şıxlinskinin rəhbərliyi ilə Milli Ordu quruculuğu uğurla aparılırdı. 1920-ci ildə Azərbaycan ordusunda 40 min əsgər və zabit xidmət edirdi. Onların 30 mini piyada, 10 mini atlı qoşun idi. General S.Mehmandarov orduda əmrlərin Azərbaycan dilində verilməsi və hərbi təlimin bu dildə aparılması haqqında sərəncam vermişdi. Milli Ordunun silah-sursatla təmin olunması, hərbi təyyarə, tank, zirehli maşın və hərbi geyim alınması üçün hökumət İtaliya ilə müqavilə bağlamışdı. Milli Ordunu zabit kadrları ilə təmin etməyə görə Bakıda Hərbi məktəb yaradılmışdı.
Yeni yaranmış Milli Ordu hissələri düşmənlərə qarşı mübarizədə qəhrəmanlıqlar göstərirdi. Ordu birlikləri 1919-cu ildə Lənkəran bölgəsini Azərbaycandan ayırmağa çalışan işğalçıseparatçı qüvvələrə sarsıdıcı zərbə vurdu. General Həbib bəy Səlimovun başçılıq etdiyi qoşun rus hərbi dəstələrini darmadağın edərək ölkədən qovdu. Bu qələbə münasibətilə Hərbi nazir S.Mehmandarovun əmrində məmnunluqla belə qeyd edilirdi: “Lənkəran qəzası və Muğan doğma Azərbaycana qaytarıldı”.
1920-ci ilin mart-aprel aylarında Milli Ordu hissələri Dağlıq Qarabağda düşmənə qarşı uğurlu hərbi əməliyyat apardı. Əsgəran döyüşündə erməni qiyamçıları və Ermənistanın nizami ordu hissələri darmadağın edildi. Şuşa qalası düşməndən tamamilə azad olundu. Qarabağ savaşında qazanılan böyük qələbə münasibətilə Səməd bəy Mehmandarov əsgərlərimizə belə müraciət etmişdi: “Mən Almaniya cəbhəsində bir çox savaşlarda olmuşam, lakin sizin kimi qəhrəman əsgərlərə nadir hallarda təsadüf etmişəm... Siz qanınızla gənc Azərbaycan ordusunun namusunu qorudunuz!”