Milli dövlət quruculuğu sahəsində tədbirlər. Milli dövlət quruculuğu sahəsində çox mühüm addımlardan biri türk dilinin Azərbaycanın rəsmi dövlət dili elan edilməsi oldu. Parlamentdə və hökumət idarələrində Azərbaycan-türk dili işlənir və rəsmi sənədlərin hamısı bu dildə yazılırdı. Dövlət himninin və Dövlət bayrağının qəbul edilməsi önəmli tarixi hadisə idi. Böyük bəstəkarımız Üzeyir Hacıbəylinin vətənpərvər şair Əhməd Cavadın sözlərinə yazdığı milli marş Dövlət himni kimi qəbul olundu. 1918-ci ilin iyununda hökumətin qərarı ilə üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsviri olan qırmızı parçadan hazırlanmış bayraq Cümhuriyyətin Dövlət bayrağı kimi təsdiq edildi. Lakin 1918-ci il noyabrın 9-da həmin bayraq mavi, qırmızı və yaşıl rəngli zolaqlardan ibarət, üzərində ağ aypara və ağ səkkizguşəli ulduz əks olunan yeni Dövlət bayrağı ilə əvəzləndi. Müstəqil dövlətimizin başı üzərində dalğalanan bayrağımızın bu üç rəngi türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivilizasiyasını təcəssüm etdirirdi.
Cümhuriyyət elan etdiyi təməl prinsiplərinə sadiq qalaraq 1919-cu ilin avqustunda “Azərbaycan vətəndaşlığı haqqında” Qanun qəbul etdi. Bu qanuna görə, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, özləri və ya valideynləri Azərbaycan ərazisində doğulmuş keçmiş Rusiya imperiyası təbəələri Azərbaycan vətəndaşı hesab edilirdilər. Cümhuriyyət türk-müsəlman dünyasında ilk dəfə kişilərlə qadınların hüquq bərabərliyini təmin etdi. Qadınlara seçib-seçilmək hüququ verildi. Maraqlıdır ki, həmin dövrdə Avropa ölkələrinin çoxunda qadınların kişilərlə hüquq bərabərliyi hələ rəsmiləşdirilməmişdi. Milli hökumət tarixi yer adlarının bərpa edilməsi üçün mühüm addımlar atdı. Yelizavetpol yenidən Gəncə, Qaryagin qəzası isə Cəbrayıl qəzası adlandırıldı.
AXC-nin həyata keçirdiyi tədbirlərin, verdiyi qərarların əhəmiyyətini təhlil edin.
Ordu quruculuğu. Güclü ordu və donanma yaratmadan dövlət müstəqilliyini təmin etmək mümkün deyildi. Ona görə də hökumət milli ordu quruculuğuna xüsusi diqqət yetirirdi. Cümhuriyyət yarananda cəmi 600 nəfərdən ibarət kiçik hərbi qüvvəsi var idi. Daxili və xarici düşmənlərin çoxluğu şəraitində bu qüvvə ilə istiqlalımızı və ərazi bütövlüyümüzü qorumaq mümkün deyildi. Hökumət Osmanlı dövlətindən hərbi yardım almaqla yanaşı, ləngimədən Milli Ordunu da yaratmağa başladı. Birinci addım kimi, hökumət 1918-ci il iyunun 26-da “Müsəlman korpusu”nu “Azərbaycan korpusu” adlandırdı. Ölkədə 19-22 yaşında olan müsəlman gəncləri səfərbərliyə alındı. 1918-ci ilin noyabrında Hərbi Nazirlik təşkil olundu. Sonrakı il dövlət büdcəsinin dörddə bir hissəsi Milli Ordu quruculuğuna ayrıldı.