“İstiqlaliyyət Bəyannaməsi”. Cənubi Qafqaz Seyminin rəhbərliyi Qafqazın şərqində türk-müsəlman əhalinin məruz qaldığı soyqırımının qarşısını almaq üçün hər hansı təsirli tədbir görmək istəmirdi. Seymin erməni-gürcü çoxluğu Osmanlı dövlətinə qarşı müharibə aparmağı daha vacib sayırdı. Azərbaycan xalqı isə Osmanlı dövlətini bölgədə özünün yeganə dayağı, ümid yeri hesab edirdi. Belə vəziyyət Cənubi Qafqaz Seymi tərəfindən 1918-ci il aprelin 22-də elan olunmuş Cənubi Qafqaz Demokratik Federativ Respublikasında dərin siyasi böhran yaratdı. Nəticədə, Seymdə təmsil olunan xalqların ayrılaraq müstəqil dövlət yaratması zərurətə çevrildi. İlk olaraq Gürcüstan Seymdən çıxdı və dövlət müstəqilliyini elan etdi. Seymin Azərbaycan fraksiyası mayın 27-də keçirilən iclasda özünü Azərbaycan Milli Şurası elan etdi və ölkəmizin idarə olunması vəzifəsini öz üzərinə götürdü. Milli Şuranın sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə seçildi.
Milli Şura 1918-ci il mayın 28-də "İstiqlaliyyət Bəyannaməsi" adlanan çox mühüm sənədi qəbul etdi. Bəyannamədə bildirilirdi:
"İstiqlaliyyət Bəyannaməsi"nin bəndləri əsasında Azərbaycan Xalq Cümhuriyyətinin demokratik, dünyəvi dövlət olduğunu əsaslandırın.
Beləliklə, Azərbaycan xalqı müstəmləkə əsarətindən qurtularaq müstəqilliyə qovuşdu. Bundan sonra müstəqil dövlət quruculuğu başlandı. 1918-ci il mayın 28-də Tiflisdə keçirilən Milli Şuranın iclasında Cümhuriyyətin ilk hökuməti təşkil olundu. Hökumət başçısı görkəmli siyasi xadim Fətəli xan Xoyski təyin edildi. Azərbaycan Xalq Cümhuriyyəti bütün türk və müsəlman dünyasında dünyəvi təməl üzərində qurulan ilk respublika oldu.
Batum müqaviləsinin bağlanması. Birinci hökumət xalqımız üçün taleyüklü çox mühüm addım atdı. 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi imzalandı. Müqavilədən sonra Osmanlı imperiyası Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət oldu. Müqavilənin dördüncü maddəsi dövlətimiz üçün həyati əhəmiyyət daşıyırdı. Həmin maddəyə əsasən, Osmanlı imperiyası Azərbaycana hərbi qüvvə ilə yardım göstərməyi öhdəsinə götürmüşdü və azsaylı milli silahlı dəstələr ölkəmizin təhlükəsizliyini qorumaq gücündə olmadığından Azərbaycanın hərbi yardım istəyinə dərhal müsbət cavab vermişdi. Bu məqsədlə iyun ayında Nuru paşanın başçılığı ilə Gəncəyə gələn Osmanlı hərbi qüvvələrinin nizami hərbi birlikləri və azərbaycanlı gənclərdən ibarət silahlı dəstələr əsasında Qafqaz İslam Ordusu təşkil edildi.
1 Müəssislər Məclisi - konstitusiya hazırlayıb qəbul edən, yaxud yeni dövlət quruluşu təsis edəcək səlahiyyətə malik olan xalq nümayəndələri məclisi