Martın 30-da Bakı Sovetinin rəhbərliyi altında daşnak-bolşevik hərbi qüvvələri şəhərdə türk-müsəlman əhaliyə qarşı soyqırımına başladı. Üç gün davam edən qırğın nəticəsində on iki min nəfərədək dinc əhali ən amansız üsullarla qətlə yetirildi. Düşmən qocaya, qadına, hətta körpə uşaqlara belə vəhşicəsinə divan tutdu. Bakının nadir memarlıq abidəsi olan “İsmailiyyə” binası, Tağıyev teatrı, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırıldı, “Təzəpir” məscidi dağıdıldı. Mart soyqırımının əsas təşkilatçısı S.Şaumyan Bakıdakı qırğınlarla bağlı V.İ.Leninə rəsmi hesabatında yazmışdı: “Biz buna düşünülmüş şəkildə yol verdik... Biz döyüşlərdə parlaq qələbə qazanmışıq. Düşmən tamamilə darmadağın edilmişdir. Daşnaksutyun partiyasının köməyi ilə müsəlman “əksinqilabı” ləğv edilmişdir. Əgər müsəlman “əksinqilabı” qalib gəlsəydi, Bakını Azərbaycanın paytaxtı edərdi və Zaqafqaziya (Cənubi Qafqaz - red.) Rusiya üçün itirilmiş olardı”. S.Şaumyan müsəlman “əksinqilabı” dedikdə, Bakı şəhərinin qətlə yetirilmiş dinc sakinlərini nəzərdə tuturdu.
Daşnak-bolşevik hərbi qüvvələri 1918-ci il aprelin əvvəlində milli qırğının miqyasını genişləndirməyə başladılar. Bu qüvvələr tərəfindən Şamaxı qəzasında 110 kənd dağıdıldı. 20 mindən çox türk-müsəlman əhali öldürüldü. Bu erməni vəhşiliyinin qurbanlarının əksər hissəsi qoca, qadın və uşaqlar idi. Şaumyanın köməkçisi S.Lalayanın əmri ilə Şamaxıda qoca, qadın və uşaqların sığındığı məscidlərə od vurularaq yandırıldı. Şaumyanın digər nümayəndəsi Hamazaspın silahlı dəstəsi Quba qəzasında 167 kəndi və Quba şəhərini yandırdı.