Ölkəmiz çar Rusiyası üçün mühüm geosiyasi1 əhəmiyyət daşıyırdı. Ona görə də Rusiya zəbt etdiyi Şimali Azərbaycanda çox ağır hərbi-inzibati idarəçilik sistemi yaratdı. Bütün Qafqazı rus çarının təyin etdiyi baş hakim idarə edirdi. Xanlıq və sultanlıqların yerində yaradılmış əyalət, dairə və distansiyalara (məntəqələrə) isə komendantlar başçılıq edirdilər. Qafqazın baş hakiminin rus zabitləri içərisindən təyin etdiyi komendantlar çox geniş səlahiyyətlərə malik idilər. Onlar bütün gəlir mənbələrinə, təsərrüfat sahələrinə və vergilərin yığılmasına nəzarət edirdilər. Mahal naibi və ya kəndxuda təyin etmək də onların vəzifəsi idi.
Əvvəlki siniflərdən qazandığınız bilik və əlavə məlumatlar əsasında Azərbaycanın çar Rusiyası üçün geosiyasi əhəmiyyətini dəyərləndirin.
Məhkəmə səlahiyyətləri də komendantların əlinə keçmişdi. Onlar vəzifələrindən istifadə edərək özbaşınalıqlara yol verir, hətta Rusiya imperiyasının qanunlarından kənara çıxırdılar. Komendantların rəsmən ölüm hökmü vermək hüququ yox idi, lakin onlar azərbaycanlıları məhkəməsiz öldürməkdən çəkinmirdilər.
Komendantlara belə geniş səlahiyyətlər verilməsinin səbəbləri nə idi? Fikrinizi əsaslandırın.
Çar hökuməti xanlıqlar dövründə geniş hüquq və imtiyazlara malik olan ali müsəlman təbəqəsinin (bəy, ağa və ruhanilər) torpaq hüququna və imtiyazlarına ağır zərbə vurdu. Onlar milli və dini ayrı-seçkiliyə məruz qaldılar. Feodalların bəzi nümayəndələri, ən yaxşı halda, komendantlara xidmət etmək - vergiləri vaxtlı-vaxtında toplamaq şərti ilə kəndxuda və mahal naibi vəzifələrini daşıya bilərdilər. Komendantlar hökumətə sədaqətlə xidmət edən bu şəxslərə tiyul torpaqları bağışlayırdılar. Rusiyaya düşmən olan bəy və ağaların torpaqlarını isə müsadirə edirdilər.
Rusiyanın müsəlman əyalətlərində həyata keçirdiyi vergi siyasəti xalqımızın soyulub talan edilməsinə yönəlmişdi. Əyalətlərin açıq şəkildə qarət olunmasında əsas rol komendanta məxsus olsa da, digər məmurlar özbaşınalıq və qanunsuzluq etməkdə ondan geri qalmırdılar. Kəndli, sənətkar və tacirlərin üzərinə qoyulan vergilərin miqdarı əvvəlki dövrlərdən qat-qat çox idi. Əhali getdikcə müflisləşirdi.
Toplanılan vergilər komendantlar tərəfindən acgözlüklə mənimsənilir, xəzinəyə cüzi miqdarda göndərilirdi. Bu cür hallar mərkəzi hakimiyyətin nəzərindən yayınmadı.
1 Geosiyasət - dövlət siyasətinin coğrafi amillərə əsasən müəyyənləşdirilməsi