XX əsrin əvvəllərində Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatında satirik şeirin çox gözəl nümunələrini yaratmışdı. Sabirin əsərlərində xalqımızın istək və arzuları, azadlıq ideyaları tərənnüm olunurdu. Azadlıq hərəkatını alqışlayan şair mütləqiyyət quruluşunu, Şərq ölkələrində mövcud olan sultan və şah rejimlərini kəskin satira atəşinə tuturdu. Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və digər yazıçıların əsərlərində də dövrün ağrılı problemləri öz əksini tapırdı.
Cənubi Azərbaycanda da ədəbiyyat özünəməxsus ənənələrini qoruyub saxlayırdı. Təbrizli Mirzə Əbdürrəhim Talıbov əsərlərində şah rejimini kəskin tənqid edirdi.
İncəsənət. XX əsrin əvvəllərində Azərbaycan incəsənəti yeni bir inkişaf mərhələsinə daxil oldu. İncəsənətin ən çox inkişaf etmiş sahələrindən biri milli teatr idi. Cahangir Zeynalov, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Hüseynqulu Sarabski milli teatrımızın çox istedadlı aktyorları idilər. Hüseyn Ərəblinski milli səhnəmizin ilk peşəkar aktyoru kimi tanınırdı. O, C.Məmmədquluzadənin “Ölülər” pyesini tamaşaya qoymuş, “Neft və milyonlar səltənətində” adlı ilk Azərbaycan bədii filminin çəkilişində iştirak etmişdi.
İlk azərbaycanlı qadın opera aktrisası Şövkət Məmmədova həmin dövrdə təqib və hədə-qorxulara baxmayaraq, seçdiyi yoldan dönməmişdi. Ş.Məmmədovaya qədər səhnəmizdə qadın rollarını da kişilər oynayırdılar.
1909-cu ildə Şimali Azərbaycandan gedən aktyorların köməyi ilə Cənubi Azərbaycanda - Təbrizdə ilk teatr tamaşası göstərilmiş, 1916-cı ildə isə ilk teatr binası tikilmişdi.
Musiqi sənəti də öz inkişafında yeni bir mərhələyə qədəm qoymuşdu. Milli musiqimizin inkişafında bəstəkar Üzeyir bəy Hacıbəylinin böyük rolu vardı. Onun yaratdığı ilk milli operamız “Leyli və Məcnun”un 1908-ci ildə Bakıda səhnəyə qoyulması təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində böyük mədəni hadisə oldu. “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları Üzeyir bəyə dünya şöhrəti qazandırdı. Digər bəstəkarımız Müslüm Maqomayevin Bakıda tamaşaya qoyulan “Şah İsmayıl” operası da musiqi sənətimizin qızıl fonduna daxil edildi. Xanəndələr Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Seyid Mirbabayev və tarzən Qurban Pirimov muğam sənətimizin inkişafında əvəzsiz xidmətlər göstərdilər.
Əzim Əzimzadənin çəkdiyi bu rəsmlər əsasında iki azərbaycanlı ailəsinin yaşam fərqini müqayisə edin.