Yeni dərsliklərin hazırlanmasında Abdulla Şaiq və Həbib bəy Mahmudbəyovun böyük xidmətləri olmuşdur. Azərbaycan müəllimlərinin birinci qurultayında icbari ibtidai təhsilə keçilməsi, təhsilin ana dilində aparılması tələbləri irəli sürülmüşdü.
Çar hökumətinin qəbul etdiyi 1912-ci il Əsasnaməsinə görə, şəhər məktəbləri ibtidai və yuxarı sinifli məktəblərə çevrildi. XX əsrin əvvəllərində Şimali Azərbaycanda tam orta təhsil verən məktəblərin sayı artdı.
Bu dövrdə dini mövhumat üzündən qızları dünyəvi məktəblərə cəlb etmək olduqca çətin idi. Maraqlıdır ki, dövrün ali ruhani başçıları olan şeyxülislam A.Ə.Axundzadə və M.M.Pişnamazzadə islam ehkamları əsasında hər bir müsəlmanın, o cümlədən qızların da təhsil almaq hüququnu müdafiə edirdilər. Vətənpərvər xeyriyyəçi H.Z.Tağıyevin 1901-ci ildə azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açması böyük hadisə oldu. Belə bir məktəb bir il sonra Gəncədə də açıldı.
Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi və İrəvan Müəllimlər Seminariyası XX əsrin əvvəllərində azərbaycanlı müəllimlərə olan böyük ehtiyacı ödəmək gücündə deyildi. Firidun bəy Köçərli və digər ziyalılarımızın böyük səyləri nəticəsində Gəncədə və Bakıda Müəllimlər Seminariyaları fəaliyyətə başladı.
XX əsrin əvvəllərində Cənubi Azərbaycanda təhsil məktəb və mədrəsələrdə həyata keçirilirdi. Ana dilli məktəblərin çoxu Təbriz şəhərində idi. Ana dili fənni böyük maarifçi Mirzə Həsən Rüşdiyyənin “Vətən dili” dərsliyi əsasında tədris olunurdu.
Bu dövrdə Şimali Azərbaycanda elmin müxtəlif sahələri inkişaf edirdi. Elmi ictimaiyyət içərisində Həsən bəy Zərdabi, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə böyük şöhrət qazanmışdılar. Fransanın Sorbonna Universitetini bitirmiş Əhməd bəy Ağayev şərqşünas alim kimi Avropa ölkələrində yaxşı tanınırdı. Ə.Hüseynzadənin əsərləri Şərq və Qərb ölkələrində geniş yayılmışdı.
Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin sərmayəsi ilə Qızlar məktəbinin binasının tikilib başa çatması Həsən bəy Zərdabinin illərlə ürəyində gəzdirdiyi arzusunu reallaşdırmağa imkan verdi. Ancaq bu məktəbdə müdir kimi işləməyə savadlı müsəlman qadın müəllim tapılmırdı. İçərişəhərdə Axund Abuturab ağa iki qızını bu məktəbə yazdırdığına görə onu namaz üstə öldürmüşdülər. Belə bir şəraitdə Hənifə xanım Zərdabı heç nədən çəkinmədən Qızlar məktəbində müdir işləməyə razı olmuş, burada oxuyan qızların mənəvi anasına çevrilmişdi.
H.Z.Tağıyevin Qızlar məktəbi, sözün əsl mənasında, istedadlı qadınların ocağı idi.
XX əsrin əvvəllərində qadınların problemlərini müəyyən edin.