Eyni zamanda Bakıda, Gəncədə və Lənkəranda müsəlman hərbi hissələrinin təşkil edilməsinə, azərbaycanlı gənclərdən zabit kadrların hazırlanılmasına başlanıldı. Hərbi qüvvələrin yaradılmasında əsas çətinlik silah çatışmazlığı idi. Gəncə Milli Şurası şəhərdə yerləşən rus alayını və Qafqaz cəbhəsindən qayıdan bir neçə hərbi qatarı tərk-silah etdi. Nəticədə, müəyyən qədər silah və sursat ələ keçirildi.
Müsəlman hərbi hissələri yaradılmasının əhəmiyyətini izah edin.
Azərbaycan nümayəndələrinin Cənubi Qafqaz Seymində fəaliyyəti. 1918-ci ilin fevralında Cənubi Qafqaz Seymi fəaliyyətə başlayandan sonra Cənubi Qafqaz Komissarlığı öz işini dayandırdı. Azərbaycanın siyasi qüvvələri Cənubi Qafqazın ali qanunverici hakimiyyət orqanı olan Seymdə 44 deputatla təmsil olunmuş və ayrıca fraksiya yaratmışdılar. 1918-ci il martın 3-də Sovet Rusiyası ilə Almaniya və müttəfiqləri arasında Brest-Litovsk sülh müqaviləsi bağlanması Cənubi Qafqazda mövcud siyasi vəziyyətə ciddi təsir göstərdi.
Müqavilənin şərtinə görə, Rusiya 40 il öncə Osmanlı dövlətindən qopardığı Qars, Ərdəhan və Batum vilayətlərini geri qaytarmalı idi. Bu şərt Seymdəki gürcü və erməni nümayəndələrini bərk təşvişə saldı. Onlar bu qədim türk torpaqlarını quracaqları dövlətlərin tərkibində görmək arzusunda idilər. Tezliklə Seymin azərbaycanlı, gürcü və erməni nümayəndələrindən ibarət heyəti Trabzonda Osmanlı dövlətinin təmsilçiləri ilə sülh danışıqlarına başladı. Osmanlı dövləti Seym qarşısında iki əsas tələb qoydu: