Azərbaycanlı siyasi xadimlərin tələbi ilə Cənubi Qafqaz Komissarlığı cəbhədən qayıdan rus hərbi dəstələrindən birinin Şəmkir stansiyasında tərk-silah edilməsi və bütün silahlarının azərbaycanlılara təhvil verilməsi haqqında qərar qəbul etdi. Şəmkirdə silahları təhvil vermək istəməyən rus hərbçiləri ilə azərbaycanlılar arasında 1918-ci ilin yanvar ayında silahlı toqquşma oldu. Rus əsgərləri zor gücünə tərk-silah edildilər.
Milli hərbi qüvvələrin yaradılması. Azərbaycan xalqına düşmən olan bütün qüvvələr, xüsusilə bolşeviklər və daşnaklar çoxlu hərbi dəstələr yaratdılar. Bakı Sovetinə bağlı olan dəstələr Rusiyanın Qafqaz cəbhəsinin və İranı tərk edən rus ordu hissələrinin hesabına sürətlə silahlanırdılar. S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti azərbaycanlılara qarşı milli qırğın hazırlayırdı. Xalqımızın başı üzərindəki bu təhlükənin qarşısını almaq üçün təcili olaraq milli hərbi qüvvələr yaradılmalı idi. Ona görə də Azərbaycanın vətənpərvər qüvvələrini birləşdirən Müsəlman Milli Şuraları milli hərbi dəstələrin yaradılmasına başladı. Oktyabr çevrilişindən sonra Vətənə qayıtmış Tatar süvari alayı Müsəlman Milli Korpusunun özəyini təşkil etdi.
Tatar süvari alayının döyüşçüləri
Tatar süvari alayı Şimali Qafqazın müsəlman əhalisindən toplanmış alaylarla birlikdə Qafqaz Müsəlman atlı diviziyası adı ilə 1914-cü ilin payızında Cənub-qərb cəbhəsinə göndərilmişdi. Bu cəbhədə Rusiya Avstriya-Macarıstanla döyüşürdü. Jurnalist İlya Tolstoy (Lev Tolstoyun oğlu) bu diviziyaya həsr olunmuş oçerkində yazırdı: “Qafqaz yerli diviziyası ilə ilk tanışlığım Lvovda, komandirin ona baxış keçirdiyi gün oldu. Hamısı bir-birindən əzəmətli süvari alayları nizami qaydada gəlib-keçdilər. Bütün şəhər camaatı bir saat ərzində indiyə qədər görmədikləri bu gözəl mənzərəni böyük heyranlıqla izlədi... Milli döyüş mahnıları ifa edilən zurna sədaları altında, qırmızı papaqlı, gümüş və qızıl işləməli silahlarla silahlanmış, qarayanız üzlərindən milli qürur, cəsurluq yağan qıvraq döyüşçülər oynaq atlarının belində qarşımızdan keçdilər. Onların daxil olduğu Qafqaz Müsəlman atlı diviziyası “vəhşi diviziya” ləqəbi almışdı. Bu, qafqazlı döyüşçülərin qorxmazlığından, şücaətindən, cəsurluğundan xəbər verirdi”.
Qafqaz Müsəlman atlı diviziyasının döyüş yolu haqqında məlumat toplayın. İ.Tolstoyun təsvirində xalqımızın hansı xüsusiyyətləri öz əksini tapmışdır?