Fevral inqilabının yaratdığı imkanlardan Bakıdakı digər siyasi qüvvələr də istifadə etməyə başladılar. Belə qüvvələrdən biri Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının yerli təşkilatını təmsil edən bolşeviklər idi. Bolşeviklər azərbaycanlılara qarşı “vahid və bölünməz Rusiya” ideyasını təbliğ edən eser1 və menşeviklərlə, həmçinin daşnaklarla bir cəbhədə çıxış edirdilər. Bu antimilli qüvvələr xalqımızın azadlıq mübarizəsinə hər vasitə ilə mane olmağa çalışırdılar. Onlar 1917-ci ilin martında Bakıda yenidən Fəhlə Deputatları Soveti (Bakı Soveti) yaratdılar. Bu qurumun rəhbərliyində bir nəfər də azərbaycanlı yox idi.
Bakı Sovetinə xalqımızın qəddar düşməni Stepan Şaumyan rəhbərlik edirdi. O, Müsavat Partiyasının azərbaycanlı əhali içərisində çox böyük nüfuza malik olmasından bərk narahat idi. Çünki bu partiya 1917-ci ilin payızında Bakı Sovetinə seçkilərdə bolşeviklərdən dəfələrlə çox səs toplamışdı. Lakin Müsavat Partiyasının rəhbərliyi Bakı Sovetində xalqımızın düşmənləri ilə işləməkdən imtina etdi və Bakı Soveti bolşevik-daşnak qüvvələrinin nəzarətində qaldı. 1917-ci ilin oktyabrında Müsavat Partiyasının birinci qurultayında ilk məqsədin Rusiya tərkibində ərazi muxtariyyətinə nail olmaq, son məqsədin isə müstəqil Azərbaycan dövləti yaratmaq olduğu bildirildi. Xalqımızın qabaqcıl nümayəndələri 1917-ci ildə bu çətin vəzifələrin öhdəsindən gəlmək üçün bütün qüvvələri birlikdə hərəkət etməyə çağırırdılar.
1917-ci ilin oktyabrında Rusiyada bolşevik çevrilişi baş verdi. Müvəqqəti hökumət devrildi. Vladimir Lenin başda olmaqla, Sovet hökuməti - Rusiya Xalq Komissarları Soveti quruldu. Bolşeviklər Rusiyanın tərkibində olan xalqların öz müstəqil dövlətlərini yaratmaq hüququnu qəbul etsələr də, onları Sovet Rusiyasının tərkibində saxlamağın yeni yollarını axtarırdılar. Sovet Rusiyası Şimali Azərbaycanda fəaliyyət göstərən bütün antimilli qüvvələrdən, ilk növbədə, daşnaklardan və erməni Milli Şurasından bu işdə istifadə etməyə çalışırdı. Rusiyada bolşevik Sovet hökuməti yaranmasından ruhlanan Bakı Sovetinin bolşevik rəhbərliyi noyabrın 2-də Bakıda Sovet hakimiyyəti qurulduğunu elan etdi. Lakin şəhərin azərbaycanlı əhalisi yeni hakimiyyəti qəbul etmədi. F.Xoyskinin başçılıq etdiyi Bakı Şəhər Duması fəaliyyətini davam etdirdi.
Azərbaycanlı nümayəndələrin Cənubi Qafqaz Komissarlığında fəaliyyəti. Oktyabr çevrilişi nəticəsində Xüsusi Cənubi Qafqaz Komitəsi fəaliyyətini dayandırdı. Cənubi Qafqazın siyasi qüvvələri azərbaycanlı, gürcü və erməni siyasi xadimlərin təmsil olunduqları Cənubi Qafqaz Komissarlığı adlanan yeni bir hökumət yaratdılar. Cənubi Qafqaz Komissarlığının xarici siyasət sahəsində ilk müstəqil addımı 1917-ci il dekabrın 5-də Osmanlı dövləti ilə Ərzincan barışığını imzalaması oldu. Barışığa görə, Qafqaz cəbhəsində hərbi əməliyyatlar dayandırıldı. Şərqi Anadolunu işğal etmiş rus qoşunları bölgədən tamamilə çəkildi. Həmin qoşunların tərkibində çoxlu sayda erməni və gürcü hərbi dəstələri də var idi. Rus qoşunları cəbhəni tərk edərək silah-sursatın çox hissəsini onlara verdi. Rusların silah verdiyi dəstələrdən birinə türk-müsəlman əhalisinə qarşı vəhşiliklər törətməsi ilə məşhur olan Andranik başçılıq edirdi. Bakı-Tiflis dəmir yolu ilə cəbhədən qayıdan rus hərbi hissələri yolboyu Azərbaycan kəndlərinə ciddi ziyan vurdular. 200 türk-müsəlman kəndini tamamilə dağıtdılar, əhalisini soyub taladılar. Cəbhədən dönən rus hərbi dəstələri yalnız xristian yaşayış məntəqələrinə toxunmurdular. Çoxlu sayda rus əsgər və zabiti Mərkəzi Rusiyaya qayıtmayıb Bakı Sovetində hərbi qulluğa girdi. Cənubi Qafqazda silahsız qalan yalnız azərbaycanlı əhali idi.
1 Eser - sosialist inqilabçılar