Xüsusi Cənubi Qafqaz Komitəsində azərbaycanlı əhalini Məmməd Yusif Cəfərov təmsil edirdi.
1917-ci ilin martında Müvəqqəti hökumətin Bakıda yerli hakimiyyət orqanı - İctimai Təşkilatların İcraiyyə Komitəsi yaradıldı. Şimali Azərbaycanın qəza və şəhərlərində icraiyyə komitələri təşkil olundu.
Milli azadlıq hərəkatının yüksəlişi. İnqilabdan sonra milli qüvvələr fəallaşdılar. Milli azadlıq hərəkatı keyfiyyətcə yeni mərhələyə daxil oldu. Demokratik ziyalıların rəhbərlik etdiyi hərəkata əhalinin daha geniş təbəqələri qoşuldu. Gizli fəaliyyət göstərən milli qüvvələr, o cümlədən Müsavat Partiyası açıq fəaliyyətə başladı. Gəncədə yeni bir milli təşkilat - Türk Ədəmi-Mərkəziyyət (federalistlər) Partiyası yaradıldı. Partiyanın sədri Nəsib bəy Yusifbəyli idi. Bu partiya Rusiyada yaşayan bütün türk xalqlarının vahid qüvvə kimi birləşməsi və öz hüquqları uğrunda birlikdə mübarizə aparması vəzifəsini irəli sürürdü. Federalistlərlə Müsavat Partiyası nümayəndələri əsas prinsipial məsələlərdə eyni mövqedən çıxış etdiklərinə görə 1917-ci ilin iyun ayında bir partiyada birləşdilər. Şimali Azərbaycanın hər yerində Müsəlman Milli Şuraları fəaliyyətə başladı. Bu təşkilatlar birləşərək Müsəlman Milli Şurasının İcraiyyə Komitəsini yaratdılar. Milli qüvvələr Rusiyada demokratik federativ respublika qurulmasını istəyirdilər. 1917-ci ilin mayında Moskvada keçirilən Ümum-Rusiya müsəlmanları qurultayında onlar Rusiyanın federativ respublika olması, onun tərkibində türk və müsəlman xalqlarına milli ərazi muxtariyyəti verilməsi tələbini irəli sürdülər.