Rusiya hökuməti azərbaycanlı əhalidən yalnız ali zümrənin nümayəndələrini hərbi xidmətə cəlb edirdi. Onlar hərbi məktəbləri bitirdikdən sonra ordu sıralarında zabit kimi xidmətə başlayırdılar. Müharibə illərində rus ordusunda bəy və ağa nəslindən olan 200 nəfərdən çox azərbaycanlı zabit qulluq edirdi.
Müharibə başlayandan sonra çarın göstərişi ilə Qafqaz müsəlmanlarının ali zümrəsindən atlı diviziya təşkil edildi. Bu diviziyada azərbaycanlı gənclərdən təşkil edilmiş “Tatar süvari alayı” döyüşkənliyi ilə çar generallarını heyrətə salmışdı.
Müharibənin ölkənin iqtisadi vəziyyətinə təsiri. Müharibə ölkəmizin iqtisadiyyatına mənfi təsir göstərdi. Qara dəniz boğazlarının bağlanması, hərbi yüklərin yalnız dəmir yolları ilə daşınması xaricə və Mərkəzi Rusiyaya məhsul göndərən müəssisələri çox ağır vəziyyətə saldı. Neft sənayesində durğunluq böhranla əvəz olundu. Qazma işləri, neft hasilatı və emalı azaldı. Bütün bunlara baxmayaraq, müharibə dövründə Rusiyada çıxarılan neftin 80 faizdən çoxu Şimali Azərbaycanın payına düşürdü.
Müharibə dövründə Gədəbəy Misəritmə zavodu hərbi sifariş yerinə yetirən müəssisələr siyahısına salındı. Ona görə də zavodun qeyri-müsəlman işçilərinə möhlət verildi.
Dövlət Azərbaycanın yüngül və yeyinti sənayesini tamamilə nəzarət altına aldı. H.Z.Tağıyevin toxuculuq fabriki dövlət sifarişləri əsasında işləyirdi. Azərbaycanın bütün xam
ipəyi Rusiya fabriklərinə göndərilirdi. Tütün və duz istehsal edən bütün müəssisələr dövlət inhisarına alındı və məhsulları cəbhənin ehtiyacları üçün göndərildi. 1915-ci ildə verilmiş çar fərmanına görə, 18-23 yaş arasında 50 minə yaxın azərbaycanlı gənc cəbhə arxasında yardımçı işlərə səfərbər edildi. Gənclərin cəbhəarxası işlərə cəlb olunması, iş heyvanlarının, xüsusilə atların müsadirə edilməsi kənd təsərrüfatına mənfi təsir göstərdi.
Müharibənin Şimali Azərbaycanın müxtəlif iqtisadiyyat sahələrinə fərqli təsirinin səbəblərini müəyyən edin.
Müharibə əhalinin güzəranına çox ağır təsir göstərdi. Zəruri ərzaq məhsullarının qiyməti üç-beş dəfədən çox bahalaşdı. Bakı şəhərinə dəmir yolu ilə taxıl gətirilməsi yarıbayarı azaldı. Üstəlik şəhərdə iri qoşun hissələrinin yerləşdirilməsi, cəbhə bölgələrindən Bakıya çoxlu qaçqın gəlməsi ilə bağlı əhalinin sayı artdı. Nəticədə şəhərdə ərzaq böhranı daha da dərinləşdi.
Cənubi Azərbaycanın hərbi əməliyyatlar meydanına çevrilməsi. Müharibə Qacarlar dövlətinin tərkibində olan Cənubi Azərbaycana da böyük fəlakətlər gətirdi. Sarıqamış döyüşündə qalib gələn ruslar 1915-ci il yanvarın 15-də Təbriz şəhərini ələ keçirdilər. Rus ordusu Osmanlı hərbi qüvvələrini Cənubi Azərbaycandan tamamilə sıxışdırıb çıxardı. 1917-ci il Fevral inqilabından sonra ruslar bölgəni tərk edən kimi ingilis qoşunları hərəkətə keçdi və qısa müddət ərzində Cənubi Azərbaycanı işğal etdi. Qacar hökumətinin tam gücsüzlüyü üzə çıxdı.