Hər iki bloka daxil olan dövlətlərin planlarında Şimali və Cənubi Azərbaycan xüsusi yer tuturdu. Böyük dövlətləri ölkəmizin strateji mövqeyi, zəngin sərvətləri, ilk növbədə, Bakı nefti çox maraqlandırırdı. Osmanlı dövləti Birinci Dünya müharibəsi dövründə Almaniyanın müttəfiqi idi. Almaniya Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənmək planlarını Osmanlı dövləti vasitəsilə həyata keçirmək istəyirdi. Rus müstəmləkə zülmü altında əzilən müsəlman və türk xalqları bütün ümidlərini Osmanlı dövlətinə bağlamışdılar.
Dünya müharibəsi başlayanda aydın oldu ki, Rusiyanın Azərbaycan xalqı içərisində heç bir dayağı yoxdur. Əhali içərisində Anti-Rusiya əhvali-ruhiyyəsi getdikcə güclənirdi. Difai Partiyasının üzvləri 1915-ci ilin fevral ayında Aslan xan Xoyskini Osmanlı dövlətinə göndərdilər. O, Osmanlı dövlətinin Hərbi naziri Ənvər paşa ilə görüşdü və ona “Müstəqil Azərbaycan Respublikasının qurulması” layihəsini təqdim etdi. Ənvər paşa bu layihəni bəyəndi.
Amerika tarixçisi T.Svetoxovski göstərir ki, Fətəli xanXoyskinin qardaşı oğlu, difaiçilərin səlahiyyətli nümayəndəsi Aslan xan Xoyski Qafqaz cəbhəsində döyüş əməliyyatları zamanı sərhədi keçmiş və 1915-ci ilin fevral ayında Ərzuruma - Ənvər paşanın qərargahına gəlmişdi. Onun səfərinin məqsədi müstəqil respublika yaradılması üçün Osmanlı dövlətindən və Almaniyadan təminat almaq idi. Bu respublikaya Bakı, Yelizavetpol və İrəvan quberniyalarının, habelə Dağıstan və Terek vilayətlərinin daxil olması nəzərdə tutulmuşdu.
Azərbaycanlıların Rusiya imperiyasına qarşı məhz Osmanlı dövlətindən yardım istəməsinin səbəblərini izah edin. Burada soykökü amili rol oynayırdımı?
Qafqaz cəbhəsində Osmanlı dövləti ilə üz-üzə dayanan Rusiyanın əsas məqsədi İstanbulu və boğazları, Şərqi Anadolunu ələ keçirmək idi. Rusiya və onun müttəfiqləri Osmanlı imperiyasını bölüşdürmək istəyirdilər. Osmanlı dövlətində yaşayan ermənilərə isə “ərazi muxtariyyəti” verilməsi nəzərdə tutulurdu.
Azərbaycanlıların müharibədə iştirakı. Rusiya hökuməti bir əsrə yaxın idi ki, azərbaycanlıları hərbi qulluğa çağırmır, əvəzində kişilərdən hərbi vergi alırdı. Hökumət bu yolla azərbaycanlıları hərb sənətindən uzaqlaşdırmağa, döyüş təcrübəsindən məhrum etməyə çalışırdı. Hakimiyyət nümayəndələri yaxşı bilirdilər ki, Azərbaycan əhalisi Osmanlı dövlətinə böyük rəğbət, Rusiya hökumətinə isə dərin nifrət bəsləyir. Ona görə də Rusiya Qafqaz cəbhəsində türklərə qarşı vuruşmaq üçün yalnız erməni və gürcülərdən ibarət hərbi dəstələr yaratmışdı. Daşnaklar da Osmanlı dövlətinə qarşı döyüşmək üçün könüllü hərbi dəstələr göndərilməsində xüsusi fəallıq göstərirdilər.
1914-cü ilin dekabrı - 1915-ci ilin yanvarında Rusiya və Osmanlı qoşunları arasında baş vermiş Sarıqamış döyüşündə ruslar qələbə qazandılar. Məğlubiyyətin əsas səbəbi rusların canlı qüvvə və hərbi texnika cəhətdən böyük üstünlüyü, daha bir səbəbi isə havanın şaxtalı olması idi. Sarıqamış döyüşündə çoxsaylı türk əsgər və zabiti donaraq öldü.